ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Bakı, 17 noyabr, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda noyabrın 30-dan dekabrın 3-dək Rusiyada təşkil ediləcək “X Milli Superkompüter Forumu” çərçivəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçiriləcək “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” beynəlxalq konfransının təşkili və institut əməkdaşlarının iştirakı ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, institutun sözügedən beynəlxalq konfransa həmtəşkilatçı kimi dəvət olunması təsadüfi deyil. Belə ki, İnformasiya Texnologiyaları İnstitutu ilə müvafiq elmi kollektiv arasında əməkdaşlıq münasibətləri 20 ildən artıqdır davam edir və birgə elmi tədqiqatlar aparılır.

Akademik hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyətinin monitorinqi, əldə olunmuş nailiyyətlərin nümayiş olunması, eləcə də qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsini hədəfləyən forumda Azərbaycan Respublikasını hər il ardıcıl olaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təmsil etdiyini bildirib. Qeyd edib ki, institutun “AzScienceNet” elm-kompüter şəbəkəsinin geniş imkanları, Data Mərkəzdə göstərilən xidmətlər, 7000-ə yaxın kompüterin şəbəkəyə fiberoptik əlaqə kanalları vasitəsilə qoşularaq yüksəksürətli internetlə təmin olunması, paylanmış hesablama mühitinin mövcudluğu uzun illər ərzində müvafiq elmi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində mühüm rol oynayıb.

“İki il öncə cəmiyyətin elektron idarə olunması, elektron sosiotexnoloji infrastrukturlar, onlayn mühitdə texnoloji platformada sosial institutların yaradılması, onların fəaliyyətinin formalaşdırılması, intellektuallaşdırılması, təhlükəsizliyinin təmin olunması ilə bağlı Rusiya Fundamental Tədqiqatlar Fondu və Rusiya Elmlər Akademiyası ilə birgə qrant layihəmiz Rusiyada qiymətləndirmə mexanizminə əsasən, A sinfinə daxil edilib”, – deyə akademik bildirib. Diqqətə çatdırıb ki, A sinfinə başlıca olaraq riyaziyyat, fizika, kimya elmləri üzrə fundamental tədqiqatlar daxil edilir. İnstitut müvafiq qurumlarla yalnız texnoloji, praktiki, innovativ məsələlərlə bağlı deyil, eyni zamanda, virtual platformada birgə tədqiqatlar aparıb.

R.Əliquliyev konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bulud texnologiyaları, paylanmış hesablamalar, Big Data və digər sahələrdə mövcud elmi-nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik rəhbərlik etdiyi institutun alim və mütəxəssislərini beynəlxalq konfransda fəal iştirak etməyə, tədbirin mövzusuna uyğun olaraq, prioritet istiqamətlərdə aparılan tədqiqatlara dair məruzələr təqdim etməyə çağırıb. “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda onlayn beynəlxalq konfransa hazırlıq işlərinin sürətləndirilməsini tövsiyə edib, məsul şəxslərə bir sıra tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.