ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbul planı tam yerinə yetirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 2019/2020-ci tədris ili üzrə qurumun magistraturasına qəbul olunmuş magistrantlarla görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev magistrantlara yeni tədris ilində uğurlar arzulayıb. Bildirib ki, cari ildə magistratura pilləsinə kompüter mühəndisliyi, informasiya mühafizəsi və təhlükəsizliyi, kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı, kompüter sistemləri və şəbəkələri, tətbiqi proqram təminatı ixtisasları üzrə ümumilikdə 8 yer ayrılıb və qəbul planı tam yerinə yetirilib.
Akademik informasiya texnologiyaları sahəsində ali təhsil alan tələbələr üçün institutda yaradılmış imkanlar haqqında məlumat verib. Alim institutda təhsilin, magistratura pilləsinin tədrisinin elmdə dəyərli nəticələrin əldə olunması, gənc alimlərin yetişdirilməsi, Azərbaycan elminin innovativ inkişafı baxımından vacibliyini qeyd edib.
“Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir”, – deyən Rasim Əliquliyev magistrantları elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini davam etdirməyə çağırıb.
İnstitutun direktoru qurumun magistratura pilləsinə qəbul olunmuş gənclərin ixtisasları üzrə dərin biliklərə yiyələnəcəklərini, təhsil aldıqları müddətdə işlə təmin olunacaqlarını, eləcə də onların dünyanın nüfuzlu elmi-tədqiqat müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılacağını nəzərə çatdırıb.
İnformasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu diqqətə çatdıran akademik institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı tövsiyə edib.
Sonda müzakirələr aparılıb, magistrantları maraqlandıran suallar cavablandırılıb.