İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbulun nəticələri məlum olub
AzerTAg.az
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında cari ildə magistraturaya qəbul və tədrisin təşkili məsələsi müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov qəbulun nəticələri barədə məlumat verib. O qeyd edib ki, 2020-2021-ci tədris ili üzrə magistratura pilləsinə kompüter elmləri ixtisası üzrə 5 nəfər qəbul olunub.
F.Yusifov magistrantlara institutun struktur bölmələri ilə yaxından tanış olmağı, müvafiq elmi istiqamət üzrə fəaliyyət göstərən şöbə ilə əməkdaşlıq etməyi tövsiyə edib.
İnstitutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA-da elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib. O, Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd edib. AMEA-da təhsil alan magistrantların tədqiqatçı-magistr kimi formalaşdığını söyləyən alim institutun magistrantlarının hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını söyləyib.
“Biz institutda müstəqil Azərbaycanın intellektual ordusunun əsgərlərini yetişdiririk”, – deyən akademik magistrantlara bu qurumda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə edib.
R.Əliquliyev yeni qəbul olunan magistrantları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbərin mətnində orfoqrafik səhv var