İQTİSADİYYAT


İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi başa çatıb

Bakı, 14 iyun, AZƏRTAC

Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi iyunun 14-də başa çatıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edən tədbirdə dünyanın 91 ölkəsindən 500-ə qədər nümayəndə - gömrük orqanları, biznes və elm dairələri, beynəlxalq təşkilatlar, informasiya texnologiyaları sahəsində ixtisaslaşan, eləcə də gömrük işində tətbiq edilən texniki nəzarət vasitələrinin istehsalçısı olan şirkətlərin təmsilçiləri iştirak edib. Konfransda informasiya texnologiyalarının tətbiqi ilə ticarətin, gömrük və sərhədkeçmə prosedurlarının sürətləndirilməsinə dair beynəlxalq gömrük ailəsi üçün aktual olan məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində keçirilən plenar sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər və gələcəyə yönələn nəqliyyat mövzularında təqdimatlar nümayiş edilib.

Plenar sessiyalarda blokçeyn texnologiyasının biznes aləti kimi istifadəsi zamanı zəruri olan məsələlər və atılacaq addımlar nəzərdən keçirilib, ticarətin təhlükəsizliyinin təmin edilməsi və asanlaşdırılması üçün qabaqcıl texnologiyalardan istifadə və digər məsələlər müzakirə olunub.

Eyni zamanda, tədbirin fəxri qonağı iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Erik Maskin xüsusi məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyi xarici dövlətlərin gömrük orqanları, biznes dairələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə 10-a yaxın ikitərəfli görüş keçirib. Bu görüşlərdə qonaqlar Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətləri, konfransın yüksək səviyyədə təşkil olunmasını və Azərbaycan gömrük orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Bununla yanaşı, tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin “Maersk” və “IBM” şirkətlərinin birgə hazırladıqları, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan “TradeLens”ə qoşulmasına dair sənəd imzalanıb və blokçeyn texnologiyasının tətbiqinə başlanıb.

Konfransın sonuncu iş günündə “Daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər” və "Gələcəyə yönəlmiş nəqliyyat sahəsi" mövzularında plenar sessiyalar keçirilib, eyni zamanda, cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev motivasiya xarakterli çıxış edib.

Tədbirin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Komitə sədri adından ÜGT rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. İ.Babayev vurğulayıb ki, bu konfrans əməkdaşlıq, təcrübə mübadiləsi, informasiya texnologiyalarının gömrük sistemində tətbiqi sahəsində yeni çağırışlar baxımından xüsusi əhəmiyyət daşıyır və beynəlxalq miqyasda gömrük işinin təşkili sahəsində yeni yanaşmaların ortaya qoyulmasına şərait yaradacaq.

Daha sonra ÜGT-nin növbəti İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin keçiriləcəyi ölkənin adı elan edilib. Növbəti tədbirin 2020-ci ildə İndoneziyanın Bali adasında keçiriləcəyi bildirilib.

Yekunda, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, tədbirin təşkilində fəal iştirak etdiklərinə görə ÜGT-nin bir qrup məsul əməkdaşına “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı və xatirə hədiyyələri verilib.

Tədbirin geniş ictimaiyyətə çatdırılmasında xüsusi fəallıq göstərən bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrinə də xatirə hədiyyələri təqdim olunub.

Sonda DGK sədrinin müavini İ.Babayev tədbirin yüksək səviyyədə keçirilməsi, iştirakçıların qarşılanması və məlumatlandırılmasında göstərdikləri fəallığa görə "Könüllü gömrükçü" dəstəsinin üzvlərini səhnəyə dəvət edərək Komitə rəhbərliyi adından onlara təşəkkürünü bildirib.

Beləliklə, ÜGT-nin ən mötəbər tədbiri hesab edilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsini Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə də informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğurların nəticəsi kimi qiymətləndirmək olar.

Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyi və mütəxəssisləri yalnız gömrük sahəsində deyil, ümumilikdə, Azərbaycanın inkişaf strategiyası, beynəlxalq layihələrin icrası, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar barədə də iştirakçıları ətraflı məlumatlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.