İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yeni qrant müsabiqəsi elan edəcək
Bakı, 6 aprel, AZƏRTAC
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclasında növbəti qrant müsabiqəsinin elan edilməsi və digər müvafiq məsələlər müzakirə olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
Fondun Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yeni qrant müsabiqəsinə innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.
İclasda növbəti qrant müsabiqəsinin beş istiqamət üzrə – mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı üzrə aparılması nəzərdə tutulur.
İclasda yeni qrant müsabiqəsinin bu il aprelin 10-dan elan edilməsi və layihələrin qəbul müddətinin iki ay müəyyənləşdirilməsi qərara alınıb.