İQTİSADİYYAT


İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun builki fəaliyyəti müzakirə olunub

Bakı, 15 fevral, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda 2019-cu il üzrə güzəştli kredit, qrant və investisiya fəaliyyəti istiqamətləri üzrə maliyyələşmə və müvəkkil banklarla kredit xətlərinin həcminin müəyyənləşdirilməsi, fondun fəaliyyətini tənzimləyən bir sıra hüquqi sənədlərə dəyişikliklərin edilməsi müzakirə olunub.

İclasda, həmçinin fondun investisiya fəaliyyətinin təmin edilməsi üçün “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun investisiya qoyuluşu Qaydaları” ətrafında fikir mübadiləsi aparılıb.

Fondun Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına uyğun olaraq İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınacağı günədək həm fond və həm də “Yüksək Texnologiyalar Parkı” MMC öz fəaliyyətini davam etdirəcək.

“Bunu nəzərə alaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin əmri ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq olunub. Bugünkü iclasda da qarşıya qoyulan vəzifələrə dair müzakirələr aparılacaq”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq fondun Müşahidə Şurasının tərkibi 4 üzvü müvafiq dövlət orqanlarından, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Maliyyə, İqtisadiyyat, Təhsil nazirlikləri və 3 üzvü bu sahədə qeyri-hökumət təşkilatlarını təmsil edən 7 üzvdən ibarət tərkibdə formalaşdırılır.

İclasın sonunda Müşahidə Şurasının üzvləri tərəfindən yeni təkliflər irəli sürülüb və bir sıra əhəmiyyətli qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.