CƏMİYYƏT
“İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinə yekun vurulub
Bakı, 8 noyabr, AZƏRTAC
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda sonuncu “dəyirmi masa”nı Bərdə rayonunda keçirib.
Bununla da İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinə yekun vurub.
Şuradan AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov Azərbaycan dövlətinin mediaya göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, bu qayğı nəticəsində ölkənin ictimai həyatının müxtəlif məsələləri ilə bağlı təşəbbüslər reallaşdırılır.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri, “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin əlaqələndiricisi Əvəz Rüstəmov çıxışında layihənin məqsəd və vəzifələri barədə məlumat verib.
Ə.Rüstəmov qeyd edib ki, onlayn medianın və sosial şəbəkələrin rolunun artdığı hazırkı şəraitdə cəmiyyətin informasiya tələbatının düzgün şəkildə ödənilməsi mühüm şərtdir. Ancaq biz müharibə şəraitində yaşayırıq və bu amil hər birimizdən informasiyanın yayılması məsələsinə həssas yanaşmağı tələb edir. Layihə də bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını hədəf seçib.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin eksperti Seymur Verdizadə bildirib ki, internet özü ilə yeni dəyərlər gətirir. Onlara müsbət tərəfdən yanaşmaq mümkündür. Amma bəzən neqativ meyillər daha çox nəzərə çarpır və bu da ictimai maraqlara meydan oxuyur.
O, çıxışında, həmçinin cəmiyyətin informasiya müharibəsinə hazırlığının müxtəlif aspektləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq təcrübədə meydana çıxan cəhətlərdən danışıb.
Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.