MƏDƏNİYYƏT
İnfoturun iştirakçıları Şəkidə olmuşlar
Şəki, 17 dekabr (AZƏRTAC). Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin birgə dəstəyi ilə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşları üçün dekabrın 16-dan 18-dək Qəbələdə təşkil olunmuş infoturun iştirakçıları bölgəyə səfər proqramına əsasən dekabrın 17-də Şəkidə olmuşlar.
İnfotur Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil edilmişdir.
Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, diplomatların qədim Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlamışdır. Sonra qonaqlar Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi memarlıq abidəsi olan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray UNESCO-nun milli-mənəvi dəyərlər siyahısına daxil edilmişdir.
Şəkiyə səfərləri çərçivəsində diplomatlar, həmçinin XVIII-XIX əsrə aid “Yuxarı Karvansara” mehmanxana kompleksi ilə də tanış olmuş, şəhərin görməli yerlərini gəzmişlər.
Qonaqlar zəngin turizm potensialına malik olan Şəkidən xoş təəssüratla ayrılmışlar.