ELM VƏ TƏHSİL
İngilis dili müəllimləri üçün optimallaşdırılmış təlim keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Dil Xidmətləri Təlim-Tədris və Karyera Mərkəzi “Məzunlarla iş” layihəsi çərçivəsində İsmayıllı Rayon Təhsil Şöbəsi ilə birlikdə “İngilis dili müəllimləri üçün optimallaşdırılmış təlim” keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, İsmayıllıdakı Heydər Əliyev Mərkəzində keçirilən seminarda əvvəlki illərdə məzun olmuş və hazırda rayonda ingilis dilini tədris edən müəllimlər iştirak ediblər. Seminar müəllimləri ingilis dilinin yeni metodikası ilə tanış etmək, orta məktəblərdə xarici dilə marağı və dərs keyfiyyətini artırmaq məqsədilə təşkil olunub. Dil Xidmətləri Təlim-Tədris və Karyera Mərkəzinin təlimçisi Zəhra Abdullayeva tərəfindən aparılan seminar orta məktəblərdə ingilis dili dərslərində danışmanın təşkili, metod və üsullarını əhatə edib.
Təlimdə iştirak edən müəllimlər ADU-nun sertifikatı ilə təltif olunublar. İştirakçı müəllimlər təlimin onlar üçün çox faydalı olduğunu vurğulayıblar.
AZƏRTAC-0-