İDMAN


İngiltərə Premyer Liqası: "Çelsi" "Nyukasl"ı minimal hesabla məğlub edib

Bakı, 12 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, iki oyunda qələbə qazana bilməyən "Çelsi" doğma azarkeşlər önündə "Nyukasl" komandasını qəbul edib. "Stenford Bric" stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri 9-cu dəqiqədə açıb. Londonluların mərkəz müdafiəçisi David Luizin ötürməsi nəticəsində qapıçı ilə təkbətək çıxan Pedro oyunda ilk qola imza atıb. Matçın 27-ci dəqiqəsində "Çelsi"nin əsas qol silahı sayılan Eden Hazardın uzaq məsafədən vurduğu zərbə qapı tirinə dəyib.

Qarşılaşmanın 40-cı dəqiqəsində meydan sahiblərini əks-hücumda yaxalayan qonaqlar hesabı bərabərləşdirib. Mat Ritçinin cinah ötürməsini Ciaran Klark dəqiq zərbə ilə tamamlayıb - 1:1.

Görüşün ikinci hissəsində hücumların kəsərin artıran "Çelsi" 57-ci dəqiqədə qələbə topunu vurmağa nail olub. Vilyam adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Turnir cədvəlin lideri "Liverpul" səfərdə "Brayton" komandasını 0:1 hesabı ilə məğlub edib. Komandaya qələbəni misirli futbolçu Məhəmməd Salahın 50-ci dəqiqədə penalti zərbəsindən vurduğu qol qazandırıb.

Turun gözlənilməz hesabı isə London stadionunda qeydə alınıb. Premyer Liqanın iddialı klublarından sayılan "Arsenal" səfərdə "Vest Ham" komandasına məğlub olub (1:0).

Turun digər oyunlarında qeydə alınan nəticələr:

"Börnli" - "Fulhem" - 2:1;

"Kardif Siti" - "Haddersfild" - 0:0;

"Kristal Palas" - "Votford" - 1:2;

"Lester Siti" - "Southempton" - 1:2;

İngiltərə Premyer Liqasının 22-ci turuna yanvarın 13-də "Everton"-"Bormunt", "Tottenhem"-"Mançester Yunayted", yanvarın 14-də isə "Mançester Siti"-"Volverhempton" qarşılaşmaları ilə yekun vurulacaq.

Hazırda 22 oyundan 57 xal toplayan "Liverpul" turnir cədvəlinin birinci pilləsini tutur. Onun ən yaxın izləyicisi "Mançester Siti"nin isə 21 oyundan sonra 50 xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.