DÜNYA


İngiltərədə hərracda rekord qiymətə satılan Sultan Süleyman Qanuninin portreti İstanbulda sərgilənəcək

İstanbul, 3 may, AZƏRTAC

Bu ilin mart ayında İngiltərədə hərracda rekord qiymətə satılan Osmanlı imperiyasının 10-cu sultanı olan Sultan Süleyman Qanuninin portreti İstanbulda sərgilənəcək.

AZƏRTAC xəbər verir ki, “İslam dünyası və Hindistan sənətləri” mövzulu hərracda alınan əsər alıcı tərəfindən sərgilənməsi üçün İstanbul Böyükşəhər Bələdiyyəsinə hədiyyə edilib.

Yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək portret ilkin məbləğ olaraq 60 min funt sterlinqə (təxminən 691 min türk lirəsi və ya 142 min 500 manat) satışa çıxarılsa da, son qiymət olaraq 350 min funt sterlinqə (təxminən 830 min manata və ya 4 milyon türk lirəsi) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq (təxminən bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəyəcək.

XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçülərindədir. Portretin Möhtəşəm Süleymanın təxminən 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.

Osmanlı və Venediklilər arasındakı sənət mübadiləsinə işıq tutduğu düşünülən portret, XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

Qeyd edək ki, ümumilikdə 183 əsərin təqdim edildiyi hərracda Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs “Qurani-Kərim” və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.