ELM VƏ TƏHSİL
İngiltərədə təhsil almış məzunlarla görüş keçirilib VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
İngiltərədə təhsil almış məzunlarla növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edərək Britaniyanın xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əsas ölkə olaraq qaldığını bildirib. Səfir qeyd edib ki, bu, tələbələrin Britaniyada peşəkar, akademik təcrübə qazanması, eləcə də ölkə ilə müsbət əlaqələr qurması üçün nadir imkandır.
Bu cür tədbirlərin qeyd edilməsinin ölkələrimiz arasında əlaqələrin səviyyəsini göstərmək üçün böyük imkan olduğunu deyən səfir ikitərəfli münasibətlərin daha geniş məcrada inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iştirak edən Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini söyləyib. İqtisadiyyat və biznes sahəsində 20 ildən artıq təcrübəsinin olduğunu diqqətə çatdıran dövlət naziri Azərbaycan və Böyük Britaniyanın etibarlı tərəfdaş olduqlarını bildirib.
Tələbə proqramlarının Azərbaycan-İngiltərə əlaqələrinin inkişafına xidmət etdiyini deyən Alan Dunkan proqramdan yararlanan gənclərin iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcəklərinə əmin olduğunu bildirib.
Tədbirdə bu il “Chevening” təqaüd proqramı ilə İngiltərədə təhsil almaq imkanı əldə edən 7 gəncə sertifikatlar təqdim olunub.