QAN YADDAŞI
İngiltərənin ali məktəblərində Xocalı faciəsi qurbanları yad edilir
Bakı, 21 fevral, AZƏRTAC
İngiltərənin ali məktəblərində təhsil alan gənc soydaşlarımız Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbirlərinə start verib.
AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkələrindən 30 minə yaxın tələbənin təhsil aldığı Birminqem Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə bəşəriyyətə qarşı amansız cinayətin mahiyyətini və mənzərəsini əks etdirən sərgi açılıb.
Ali məktəbin tələbə ittifaqının girişində yaradılmış ekspozisiyada hər gün içəri daxil olan yüzlərlə tələbəyə və müəllimə, eləcə də çoxsaylı qonağa Xocalı soyqırımı həqiqətlərindən bəhs edən kitabça və açıqcalar paylanılır, onlara erməni cəlladlarının qanlı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilir.
Cəmiyyətin rəhbəri tələbə Məhəmməd Ağamirzəyev bildirib ki, sərginin davam etdiyi son bir neçə gündə mindən çox əcnəbi Xocalı soyqırımı barədə ətraflı məlumatlandırılıb. Universitetin Siyasi Elmlər və Beynəlxalq Tədqiqatlar İnstitutunun mühazirəçisi Jan Frans Xocalı guşəsində 26 il əvvəl Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı faciə ilə yaxından tanış olduqdan sonra insanlığa qarşı bu misilsiz cinayəti belə şərh edib: “Bu və buna bənzər soyqırımlarının təşkilatçıları və icraçıları mütləq cəzalandırılmalıdırlar. Azərbaycana qarşı törədilən bu vəhşiliklərin qarşılığında xalqınızın sülh tərəfdarı olması, ölkə rəhbərliyinin münaqişəni qan tökülmədən həll etməyə çalışması böyük müdriklik və humanizm göstəricisidir. Ümid edirəm ki, dinc xocalılıları yalnız azərbaycanlı olduqlarına görə amansızlıqla qətlə yetirənlər tezliklə cəzalarını alacaqlar. Belə cinayətin cəzasız qalması dünyada yeni soyqırımlarının törədilməsinə yol aça bilər. Bütün münaqişə və müharibələr ədalətlə başa çatdığı kimi, Dağlıq Qarabağla bağlı 30 ildən bəri pozulmuş dinclik də Azərbaycanın haqlı mövqeyinin qalib gəlməsi ilə bitəcək”.
Qeyd edib ki, ziyarətçi tələbələrdən Pakistan əsilli Hannah Akhtar nümayiş olunan foto və məlumatlarla tanış olduqdan sonra Xocalı faciəsinin onu dərindən kədərləndirdiyini deyib: “Mən yay tətilində Bakıda oldum. Sizin şəhəriniz çox gözəl, xalqınız isə çox istiqanlı və qonaqpərvərdir. Belə mehriban xalqa qarşı kütləvi bir vəhşiliyin törədilməsi insanı çox sarsıdır”.