DÜNYA
İnkassatorlara hücum: qarətçilər 55 milyon rubl qənimət ələ keçiriblər
Bakı, 9 sentyabr, AZƏRTAC
Moskvada inkassatorlara hücum edən qarətçinin qəniməti 55 milyon rubl (təxminən 1 milyon dollar) olub. “Alfa-bank”ın inkassatorlarına hücum sentyabrın 8-də Moskvanın şimal-qərbində onlarla şahidin gözü qarşısında baş verib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Vişnyova və Tuşinsk küçələrinin kəsişməsində zirehli inkassator mikroavtobusu hərəkət zamanı alışıb. Ehtimala görə, avtomobilin mühərrik bölməsinə yandırıcı maddə ilə dolu şüşə atılıb. İnkassatorlar pulları yanan mikroavtobusdan çıxararaq alovu söndürmək istəyiblər. Bu zaman tibb maskası taxmış 5 nəfər onlara hücum edərək havaya atəş açıb, pulları iki avtomobilə yığaraq hadisə yerindən uzaqlaşıb.
Hadisə nəticəsində inkassator mikroavtobusu və daha iki avtomobil yanaraq kül olub. Polisin fikrincə, qarət əvvəlcədən planlaşdırılıb.