ELM VƏ TƏHSİL


İnnovasiya və sahibkarlıq XXI əsrin açarıdır

Bakı, 15 may, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə elmi cəmiyyətinin (TEC) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “İnnovasiya və sahibkarlıq XXI əsrin açarıdır” mövzusunda konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan söz açıb. O, ümummilli lider Heydər Əliyevin hər zaman gənclərin yüksəkixtisaslı və peşəkar kadrlar kimi hazırlanmasına önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Qeyd edib ki, ölkə başçısının elm və təhsil sahəsindəki fərman və sərəncamlarından irəli gələn dövlət proqramlarının icrasına uyğun olaraq, son illərdə UNEC-də iqtisad elminin və təhsilin inkişafı, müəllim və tələbələrin elmi fəaliyyətinin genişləndirilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirilir. Həmçinin UNEC-in pedaqoji heyətinin nüfuzlu elmi bazalara daxil olan jurnallarda məqalələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Ulu Öndərin zəngin həyat və fəaliyyətinin hər zaman gənclər arasında təbliğ edilməsinin zəruriliyini vurğulayıb, bu baxımdan elmi konfransın keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. İntiqam Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan, yeni hədəflərə və çağırışlara hesablanan dövlət siyasətində insan kapitalının önə çəkildiyini, gənclərin bilikli və savadlı olması məqsədilə uğurlu addımlar atıldığını qeyd edib. Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi, onlar arasında sahibkarlığın təşviq edilməsi istiqamətində görülən işlərdən, UNEC ilə nazirlik arasında reallaşdırılan layihələrdən söz açıb. Nazir müavini UNEC-in tələbələrinin həm ölkədə, həm də beynəlxalq miqyasda rəqabətədavamlı mütəxəssislər olacaqlarından əminliyini ifadə edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan gəncliyinin ölkədə gedən bütün proseslərdə fəal iştirak etdiyini bildirib. Firudin Qurbanov hər bir dövlətin gücünün onun intellektual potensialında olduğunu, bunun isə elm və təhsilin hesabına formalaşdığını söyləyib. Qeyd edib ki, əmək bazarının tələbinə uyğun mütəxəssis kimi yetişmək üçün fundamental biliklərə yiyələnmək vacibdir.

Konfransda UNEC-in Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev “Uğurun açarı: Tədqiqat marağından elmin zirvəsinə”, TEC-in sədri Nərmin Heydərova “Tələbə Elmi Cəmiyyətinin bu günü” mövzularında çıxış ediblər.

Tədbirdə respublika gənclərinin elmi potensialının artırılması, tələbə elmi cəmiyyətlərinin işinin təkmilləşdirilməsi və düzgün əlaqələndirilməsi məqsədilə UNEC TEC tərəfindən Azərbaycan Tələbə Elmi Cəmiyyəti Alyansının (ATECA) yaradılması təklifi irəli sürülüb.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.