İQTİSADİYYAT
İnnovasiyalar Agentliyi Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyasına üzv olub
Bakı, 12 sentyabr, AZƏRTAC
İnnovasiyalar Agentliyi regionda ilk olaraq Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyasına (IASP) üzv seçilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, assosiasiyanın üzvü olaraq qurumun məqsədi beynəlxalq innovasiya mərkəzləri və elmi parklar ilə sıx əlaqələr qurmaq, bu sahədə çalışan biznes qurumları ilə əməkdaşlığı genişləndirmək və Azərbaycanda fəaliyyət göstərən texnoparkları, onların rezidentlərini və İnnovasiya Mərkəzlərini dünya miqyasında təqdim etməkdir. IASP üzvləri arasında keçirilən mübadilə proqramlarında və tədbirlərdə iştirak Azərbaycanda innovasiya ekosisteminin inkişafına təkan verəcək.
Qeyd edək ki, hazırda IASP-da 77 ölkədən, 350 üzv və 115 mindən çox şirkət təmsil olunur. Bu, dünyada innovasiyalar və elmi parklar sahəsində fəaliyyət göstərən ən böyük şəbəkədir və Azərbaycan regiondan ilk ölkə olaraq bu təşkilata üzv seçilib.