İQTİSADİYYAT


İnnovasiyalar Agentliyi Ermənistanın müharibə cinayəti ilə bağlı beynəlxalq şirkətlərə müraciət ünvanlayıb

Bakı, 15 oktyabr, AZƏRTAC

İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində çalışan 43 beynəlxalq şirkətə müraciət göndərib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, müraciətdə innovativ texnologiyaların insan həyatının bütün sahələrində mühüm rol oynadığı qeyd olunub. Hazırda həmin məhsulların tibbdə, kənd təsərrüfatında, sənayedə, hərbi və mülki məqsədlərlə, həmçinin terrorla mübarizədə geniş istifadə olunduğu bildirilib. Sentyabrın 27-də Ermənistan Azərbaycan Respublikasının ərazisindəki qanunsuz işğallarını genişləndirmək məqsədilə hücuma keçərək 30 ilədək davam edən atəşkəsi pozub: “Bütün bu illər ərzində Ermənistan BMT qətnamələrinə (822 - 30 aprel 1993, 853 - 29 iyul 1993, 874 - 14 oktyabr 1993, 884 - 11 noyabr 1993) uyğun olaraq Azərbaycan Respublikasının torpaqlarını azad etməyib və bu il sentyabrın 27-də, saat 06:00-da Azərbaycanın daha böyük ərazilərini işğal etmək cəhdi ilə hücuma keçib. Hücumun ilk günlərindən Ermənistanın əsas hədəfi dinc əhali və mülki obyektlər olub. Hazırda 1993-cü ildən BMT tərəfindən qəbul edilmiş Azərbaycanın ərazisini və suverenliyini dəstəkləyən qətnamələr Ermənistanın terrorçu rejimi tərəfindən rədd edilib. 1988-ci ildə başlayan münaqişə nəticəsində Ermənistan Azərbaycan Respublikasının 20 faiz ərazisini işğal edib, 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi olaraq yaşayış yerlərini tərk edib, 20 min nəfər öldürülüb, 50 min nəfər əlil olub və 4 min nəfər itkin düşüb. Xocalı şəhərində törədilmiş soyqırımı zaman Erməni terroristlərinin törətdiyi vəhşilik bütün dünyanı lərzəyə gətirib”.

Müraciətdə cari il oktyabrın 11-də Ermənistan tərəfindən münaqişə zonasından 60 kilometr uzaqlıqda yerləşən Gəncə şəhərinin dinc əhalisi hədəfə alınaraq 10 mülki şəxsin ölümü, 34 nəfərin yaralanması ilə nəticələnən terror aktı xüsusi qeyd edilib. Ermənistanın terrorçu rejimi tərəfindən aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın mülki şəxslərini hədəfə alaraq məlum olan bütün müharibə qanunlarını pozması, beynəlxalq səviyyədə qəbul edilmiş bütün protokolları - Cenevrə konvensiyasını, Haaqa konvensiyasını, Qırmızı Xaç Komitəsinə və digərlərinə riayət etməməsi də vurğulanıb.

Həmçinin müraciətdə Ermənistanın terrorçu rejimi tərəfindən yüksək texnoloji silahların dinc əhaliyə qarşı istifadə edilməsi xüsusi vurğulanıb və İnnovasiyalar Agentliyinin Ermənistan tərəfindən yüksək texnologiyalardan mülki əhaliyə qarşı istifadəsinə dair dəlilləri göndərməyə hazır olduğunu bildirilib. Müraciətin sonunda İnnovasiyalar Agentliyi beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ya ehtiyat hissələrin satışının sonlandırılması, erməni hərbi şirkətləri və startapları ilə əməkdaşlığı dayandırmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.