İQTİSADİYYAT
İnnovasiyalar Agentliyində 5-ci Təcrübə proqramı yekunlaşıb
Bakı, 16 iyul, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyində 5-ci Təcrübə proqramı uğurla başa çatıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramı başa vurmuş tələbələrlə görüş keçirilib. Görüşdə tələbələrə gələcək karyera və təhsillərində yeni uğur arzulayan İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli təcrübəçilərə sertifikatlar təqdim edib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan ən istedadlı tələbələrdən 13-ü bu ilin aprel ayından etibarən İnnovasiyalar Agentliyində təcrübə keçmək imkanı qazanıb. Üç ay ərzində agentliyin müxtəlif strukturlarına təhkim olunan tələbələr innovasiya və sahibkarlıq sahəsində təlim proqramlarında iştirak edərək bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə artırıblar. Tələbələr, həmçinin müxtəlif layihələrə cəlb olunaraq təcrübi biliklərini təkmilləşdiriblər.