İQTİSADİYYAT


“İnnovasiyalar həftəsi” çərçivəsində “Baku Open Cyber Cup” turniri təşkil olunub VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycanda ilk dəfə olaraq təşkil edilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 28-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzi və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir çərçivəsində Heydər Əliyev Mərkəzində “Xbox” platformasında “FIFA 19” və “Mortal Kombat” oyun növləri üzrə yarışlar və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robo Futbol” turniri təşkil olunub. Yarışlarda ümumtəhsil məktəblərinin komandaları onlara məxsus robotlarla iştirak ediblər.

Maraqlı mübarizə şəraitində baş tutan böyüklər üçün robofutbol yarışında birinci yeri Rüstəm Nağızadə, Tural Səfərov (“Robot man”, Bakı Modern School) tutublar. İkinci və üçüncü pillələrdə müvafiq olaraq Elçin Quliyev, Heydər Əliyev, Rəsul Nəbili (Dünya məktəbi), Hacı Ləzgiyev, Cavid İsmayılov (“Golden Ring” Bakı Modern School) tutublar.

Kiçik yaşlılar üçün robofutbol yarışında ancaq Bakı Modern Məktəbinin komandaları iştirak ediblər. Yekun nəticələrə görə, fəxri kürsünün birinci pilləsində “Humanoid” komandasının tərkibində mübarizə aparan Namiq İsmayılov, Rəsul Sklyar, Ayxan Əliyev qərarlaşıb. İkinci yeri “Transformers” komandasından Seyidəli Mirmətin, İlham Məmmədov, Zəhra Şəmşirli tutub. Üçüncü yerə isə “Dragon” komandasının üzvləri Amin Əlixanbəyli, Məhəmməd Miriyev, Məhəmməd Əliyev layiq görülüblər.

“Mortal Kombat XL” üzrə yarışlarda ən yüksək nəticəni Emil Mirzəyev göstərib. İkinci və üçüncü yerləri müvafiq olaraq Vüsal Qənbərli və Orxan Hüseyn tutub. “FIFA 19” turnirinin qalibi isə Seymur Novruzov olub. İkinci yerdə Süleyman Quluzadə, üçüncü yerdə isə Məmməd Çıraqlı qərarlaşıb.

Sonda turnirin qalib və mükafatçılarına kubok, diplom və pul mükafatları təqdim edilib. Yarışın qalibləri 1000, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 500 və 250 manatla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.