İQTİSADİYYAT
“İnnovasiyalar üzrə Startap Turu”nun qalibləri mükafatlandırılıb
Bakı, 18 aprel, Elvira Məmmədova, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun (Open Innovations Startup Tour) qaliblərinə mükafatlar təqdim olunub. Birinci yerə Arif Mövsümzadə (“Lia” layihəsi), ikinci yerə Orxan Əhmədov (“Kvot” layihəsi), üçüncü yerə isə Şahlar Paşayev (“Sağlam həyat tərzi üçün platforma” layihəsi) layiq görülüb.
Müsabiqədə birinci yeri tutan qalib mükafatla yanaşı, “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edib, ikinci və üçüncü yerlərin sahibləri isə digər mükafatlara layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 18-də keçirilən mükafatlandırma mərasimində “Skolkovo” Fondunun vitse-prezidenti Aleksandra Barşevskaya, fondun prezidentinin startaplarla iş üzrə müşaviri Pekka Vilyakaynen, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsini icra edən Kənan Bayramov qalibləri təbrik edib, onlara yeni uğurlar arzulayıblar.
Bildirilib ki, turun başlıca məqsədi həm Rusiyada, həm də MDB-də texnoloji sahibkarlığın formalaşdırılması, inkişafı və perspektivli innovativ layihələrin axtarışıdır. Məhz buna görə layihənin coğrafiyası daim genişlənir. “Skolkovo” Fondu üçün “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində ikigünlük tədbirin Bakıda keçirilməsi Azərbaycanın innovativ infrastrukturu ilə ilk və uğurlu əməkdaşlıqdır.
Qeyd edək ki, iki gün davam edən müsabiqədə Rusiyadan “Skolkovo” Texnoparkının nümayəndələri, 200-dən çox azərbaycanlı startapçı, biznes qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində ekspert və spikerlər komandası bütün gün ərzində mühazirə və ustad-dərsləri zamanı gənc sahibkarlarla müzakirələr aparıb. Bundan başqa, bütün arzu edənlər mentor sessiyasında iştirak edib, tərəfdaş inkişaf institutlarının və iri informasiya texnologiyaları şirkətlərinin nümayəndələri iştirakçılara layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
“Açıq İnnovasiyalar üzrə Startap Turu” startap komandalarının illik seçimində ilk mərhələdir. Layihələrin növbəti inkişaf mərhələləri “Startup Village” konfransı və “Açıq innovasiyalar” Forumu olacaq.