İQTİSADİYYAT
İnnovasiyaların İxracı Konsorsiumu 2018-ci il üçün əsas prioritetlərini müəyyənləşdirib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycanın 10 ən qabaqcıl informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətinin üzv olduğu Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) Müşahidə Şurasının 2018-ci ildə ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iclasda konsorsiumun Müşahidə Şurasının sədri, BESTCOMP GROUP şirkətinin rəhbərliyi tərəfindən 2017-ci ildə icra edilmiş işlər barədə yarımillik hesabat təqdim olunub. Hesabat dövründə AZINNEX-in hüquqi qeydiyyat məsələsi tam təmin olunub, AZINNEX tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilib və ilkin satış uğurları əldə edilib. Həmçinin AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər də davam etdirilir.
AZINNEX Müşahidə Şurasının yeni sədri “Ultra Technologies” şirkətinin direktoru təyin edilib. Yeni sədr çıxış edərək, 2018-ci ildə görüləcək işlər haqqında məlumat verib və İllik Fəaliyyət Planını təqdim edib. Konsorsiumun 2018-ci ildə əsas prioritetləri potensial bazarlara çıxış imkanları, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, xarici ölkə nümayəndəliklərinin yaradılması, təbliğat və marketinq fəaliyyətlərinin genişləndirilməsi, o cümlədən konsorsiumun inzibati işlərinin inkişaf etdirilməsi kimi önəmli istiqamətlər müəyyənləşdirilib.
Müşahidə Şurasının iclası daha sonra cari strateji, təşkilati və inzibati məsələlərin müzakirələri ilə davam etdirilib.
Azərbaycanın innovasiya ekosisteminin fəal iştirakçısı və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasında əhəmiyyətli rola malik AZINNEX 2018-ci ili fəaliyyətində uğurlu başlanğıc ili olaraq hədəfləyib.