ELM VƏ TƏHSİL


İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri müzakirə edilib YENİLƏNİB 2 VİDEO

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO-nun "İnformasiya hamı üçün" proqramı ilə birgə əməkdaşlıqda "İnnovasiya həftəsi 26-30 oktyabr" çərçivəsində "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya həftəsi” beynəlxalq sərgi və konfransı çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, “İnnovasiya həftəsi”ndə təşkil olunan 20-dək tədbir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə çatmaq üçün görülən işlərin bir hissəsidir.

Azərbaycanda İKT-nin geniş tətbiqini stimullaşdırmaqla əlverişli innovasiya mühiti yaradıldığını vurğulayan Əli Abdullayev innovasiyaların stimullaşdırılmasına və bazarların tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin və müəlliflik hüquqlarının qorunmasının əhəmiyyətinin kifayət qədər yüksəldiyini deyib. “Məhz innovasiyaların və texnoloji həllərin yaradılması, inkişafı və tətbiqi üzrə stimullaşdırıcı təsir vasitəsi olan və bu proseslərin ayrılmaz tərkib hissəsi hesab edilən əqli mülkiyyətin qorunması məsələləri bu səbəbdən aktuallıq kəsb edir”, - deyə nazirin birinci müavini qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin biri də rəqəmli mühitdə əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının qorunması ilə bağlı məsələlərin həll edilməsidir.

Sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edib. İnnovasiyalı inkişafın əqli mülkiyyətlə vəhdətini, konfransın əhəmiyyətini xüsusi vurğulayan Kamran İmanov qeyd edib ki, yaşadığımız "biliklər cəmiyyəti"ndə, texnologiyaların sıçrayış dövründə və innovasiyaların "rəqəmsal imperativ" zamanında innovativ inkişaf elə tədqiqatlardan alınan biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın müasir çağırışlara cavab verən, islahatlarla zəngin olan və gələcəyə yönəldilən inkişaf modeli formalaşıb. Bu model biznes mühitinin inkişafını, sərmayə qoyuluşunun stimullaşdırılmasını, innovasiyalara açıq olan və sosialyönümlülüyü nəzərə alan yeni iqtisadiyyat modelidir. Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyur, qeyri-neft sektorunu inkişaf etdirir, şaxələndirməni uğurla həyata keçirir, "Made in Azerbaijan" brendini təşviq etdirir. Ölkəmiz qısa müddətdə böhran vəziyyətini arxada qoyaraq, iqtisadi artımla dinamikaya malik olub və təsadüfi deyil ki, 2018-ci ilin Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik indeksinə əsasən 35-ci yerdə qərarlaşıb.

Sədr qeyd edib ki, ölkəmizin iqtisadi siyasəti ilə bağlı istiqamətləri və nailiyyətləri və əqli mülkiyyət nəticələri dərin bağlantıya malikdir. Odur ki, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr dövlətimizin başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırılır. Bununla da əqli mülkiyyət bu siyasətin təsirinə və innovativ inkişafına adekvat xidmət etməlidir. Təhlil göstərir ki, yeni tələblərə adekvat olan əqli mülkiyyət sistemi üç amil nəzərə alınmaqla formalaşdırılmalıdır:

Birincisi, ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çevrilməsi;

İkincisi, KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması;

Üçüncüsü, əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi.

Kamran İmanovun bildirdiyinə görə, makroiqtisadi səviyyədə dəyişikliklər ona gətirib ki, əqli mülkiyyət nöqteyi-nəzərindən tutumlu sahələr inkişaf etmiş ölkələrdəki ÜDM-in yarısına qədər çatıb. ABŞ-ın 2017-ci ilin fevral ayında açıqlanan "U.S.Chamber International IP Index" "The Roots of Innovation" hesabatı əqli mülkiyyətin iqtisadiyyata müsbət təsirini təsdiqləyir. Nəzərə alınmalıdır ki, dövlətimizin başçısının təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və bu sənədə sahənin inkişafı ilə bağlı 8 tədbir daxil edilib, habelə bir sıra yol xəritələrində əqli mülkiyyət sahəsinə aid tapşırıqlar əks olunub. Ölkədə aparılan institusional islahatlara uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasından ibarət olan ixtisaslaşmış vahid dövlət qurumu yaradılıb. Yeni yaradılmış strukturda geniş islahatlar aparılır.

"Prezident İlham Əliyevin sözləri ilə desək, müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir". Prezident İlham Əliyevin qarşımızda duran vəzifələri Davos İqtisadi Forumunda vurğuladığı kimi, "gələcəyimiz innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir". Bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən başlayaraq yuxarı-orta gəlirli ölkələr sırasındadır. Davos İqtisadi Forumunun "İnklüziv inkişaf indeksi–2018"ə əsasən, ölkəmiz inkişaf edən ölkələr arasında 3-cü yeri tutur.

Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5 faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz aşağı düşüb", - deyə K.İmanov bildirib.

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) rəhbər orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində təmsil olunur. Azərbaycanın nümayəndəsi (K.İmanov) "ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi"nin Assambleyasının vitse-prezidenti seçilib. ÜƏMT ilə əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Azərbaycan Respublikası hökuməti və ÜƏMT arasında Əməkdaşlıq Proqramı, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti və ÜƏMT arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu və hazırda yenilənmiş Memorandum imzalanıb.

Ölkəmizdə Müəllif Hüquqları Agentliyi, indi isə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə hazırladıqları "Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti" həyata keçirilir. Layihə elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri bildirib ki, startaplar və spinautlar hərəkatını dəstəkləmək məqsədilə bir sıra sərgi-nümayişlər keçirilib. ÜƏMT və Müəllif Hüquqları Agentliyi 2015-ci ildən başlayaraq Azərbaycanda bu mövzuya aid olan 5 beynəlxalq konfrans, o cümlədən ilk startap sərgilərini təşkil edib. Elmi təsisatlar üçün bir sıra metodik sənədlər və broşürlər hazırlanaraq paylanılıb.

Artıq nəticələr də görünür: aparıcı ali təsisatlarda startaplar, inkubatorlar, kommersiyalaşma mərkəzləri yaradılır, müsabiqələr, startap festivalları təşkil olunur. Son böyük startap sərgisi ÜƏMT-nin baş direktoru F.Qarrinin Bakıya səfəri və "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" adlı beynəlxalq konfrans zamanı, 2018-ci ilin iyun ayında Əqli Mülkiyyət Agentliyi tərəfindən təşkil edilmişdi. Hazırda bu istiqamətdə nəzərəçarpan canlanma müşahidə olunur və Əqli Mülkiyyət Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə bu il noyabrın 21-də Cenevrə şəhərində ÜƏMT və İTU beynəlxalq strukturları ilə birgə ölkəmizin yeni simasını – startapların və spinautların sərgisini nümayiş etməyə hazırlaşır.

Tanınmış mütəxəssislərin fikrincə, gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır. Bununla da texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına kardinal təsirini və öz növbəsində, əqli mülkiyyətin buna qarşı çıxmamasını, əksinə, ona uyğunlaşmasını vurğulayırıq.

İnnovasiyalı inkişafın başında innovasiyaların, yeniliyin iqtisadi gəlir əldə etmək məqsədilə praktiki tətbiqi durur. Odur ki, müasir dövrdə innovasiyalı inkişafın prioriteti texnologiyaların kommersiyalaşmasıdır, yəni, innovasiyaların bazara çıxarılması, yenilikçilik məhsullarının istehlakçıya çatdırılmasıdır.

Bir sözlə, bunun altında "elmi-tədqiqat işlərinin nəticələrindən gəlir gətirən hər hansı fəaliyyət, o cümlədən əqli mülkiyyət hüququnun istifadəsindən yaranan royalti, texnologiyalara əsaslanan yeni kompaniyaların yaradılması, özəl müştərilərlə bağlanan tədqiqat kontraktları və s. nəzərdə tutulur.

Kamran İmanov xüsusi qeyd edib ki, innovasiyalı inkişaf əqli mülkiyyət məsələlərinin, texnologiyaların kommersiyalaşmasına aid və innovasiyalara dəstək problemlərinin birgə, sistemli həllini tələb edir. Dünya təcrübəsinin göstərdiyi kimi, kommersiyalaşmanı sürətləndirmək və bununla da innovasiyalı inkişafı təmin etmək məqsədilə aşağıda sadalanan istiqamətlər əlverişlidir:

Birincisi, yeni kiçik innovasiyalı müəssisələrin (startap kompaniyalarının) yaradılmasının stimullaşdırılması;

İkincisi, kiçik və orta müəssisələrin innovasiyaların istifadəsi imkanlarının artırılması;

Üçüncüsü, universitetlər və dövlət elm təşkilatlarının kompaniyalarla, sənaye sektoru ilə əməkdaşlığının sürətləndirilməsi və sənaye kompaniyalarının yeni texnologiyaların istifadəsinə həvəsləndirilməsi.

Qeyd edilənlər aydınlıqla, ilk növbədə, qanunvericilik və normativ hüquqi tənzimlənmənin tələbini irəli sürür. Bu sıraya cavablarını gözləyən aşağıdakı məsələlər daxildir:

a) Tədqiqat nəticələrinə mülkiyyət hüququ:

- dövlət mənbələrindən maliyyələşən tədqiqatlar nəticələrinə mülkiyyət hüququ (ƏMH və ƏM sahibliyi) kimə məxsusdur (akademik nöqteyi-nəzərindən yox, kommersiya nöqteyi-nəzərindən)?

- kommersiyalaşma ilə bağlı məsuliyyət kimin üzərinə düşür?

b) Elmi-tədqiqat nəticələrinin kommersiyalaşmasına yönələn kompaniyaların yaranması:

- Universitet (elmi təsisat) və ya ayrı-ayrı tədqiqatçı startap kompaniyaların yaranmasında iştirak edə bilərmi və öz payını kompaniyanın kapitalına daxil etməyə haqqı varmı?

- Bu iştirakın formaları hansılardır?

- Tədqiqatçı startap kompaniyasında işləyə bilərmi?

- Startap kompaniyalarının stimullaşdırılmasının yolları hansılardır?

c) Kommersiyalaşmanın inkişafının stimulları:

- royalti ilə bağlı gəlir dövlət tədqiqat təşkilatı, tədqiqatçı və vasitəçi arasında nə cür bölünməlidir?

- hansı vergi preferensiyalar (güzəştlər) tətbiq olunur (oluna bilər)?

- hansı resurslar (vəsaitlər) hesabına stimullar formalaşır (formalaşa bilər)?

- kommersiyalaşmanın inkişafı üçün tədbirlərə yönəldilən dövlət büdcəsi vəsaitlərinin maliyyə mexanizmi nə cür ola bilər?

- gömrük nizamlanması kommersiyalaşmanın tədbirlərinin qarşısına çıxırmı?

d) Kommersiyalaşmanın inkişafının infrastrukturunun formalaşması:

- kommersiyalaşmaya təkan verən ixtisaslaşmış dövlət təşkilatları (dövlət agentlikləri) nə cür yaranır və inkişaf etdirilir?

-kommersiyalaşma mərkəzlərinin yaranması və inkişafı hansı yollarla stimullaşdırılır?

-texnologiyaların transferi və elmi-tədqiqat təşkilatlarının sənaye ilə əlaqələri sahəsində şəbəkə strukturlarının inkişafı üçün hansı stimullar əlverişlidir?

-büdcə və özəl sektor vəsaitləri hesabına kommersiyalaşmaya yönəldilən birgə maliyyələşmə və özəl-dövlət tərəfdaşlıq (partnyorluq) formaları və qaydaları hansılardır?

-kadr hazırlığı və s. məsələlər.

Sonra Kamran İmanov "İnnovasiyalı inkişaf və əqli mülkiyyət" mövzusunda təqdimatını edib. Dünya Bankının 2012-ci il hesabatına əsasən, Azərbaycanın "bilik iqtisadiyyatı" indeksinə (EKEI&KI Indexes, 2012) görə 146 ölkə sırasında 79-cu yeri tutduğunu vurğulayan sədr ölkəmizdə bilik iqtisadiyyatına aid sahələrin ÜDM-dəki payının təqribən 8 faiz (əsasən kreativ iqtisadiyyat hesabına: 5,1 faiz), Rusiyada 15 faiz, Avropanın inkişaf etmiş ölkələrində 35 faiz, ABŞ-da 45 faiz olduğunu bildirib.

Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksini (Global Competitiveness Index 2016-2017) ətraflı analiz edən Kamran İmanov iki il öncəki hesabatda Azərbaycanın innovasiyalar bazis göstəricisinə görə MDB məkanında 1-ci (dünyada 49-cu yer) olduğunu və bunun əsasən "innovasiya imkanları" göstəricisinin çox yüksək (dünya miqyasında 42-ci yer) pillədə durduğuna görə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, elmi fəaliyyət imkanlarımız da var. Belə ki, "elmi-tədqiqat təsisatlarının keyfiyyəti" indeksinə görə Azərbaycan 68-ci yeri tutur və əqli mülkiyyət hüquqlarının qorunmasına görə o zaman ölkəmiz dünyada 68-73-cü yerləri tutaraq MDB məkanında lider üçlüyündə idi.

Qlobal İnnovasiya İndeksinin (Global Innovation Index) 2016-cı və 2017-ci il hesabatlarına əsasən, Azərbaycanın PCT sifarişlərinə görə, müvafiq olaraq, yalnız 94-cü və 99-cu yerləri tutduğunu qeyd edən Kamran İmanov bildirib ki, arzuedilən hal patentlərin, əqli mülkiyyət obyektlərinin çoxalmasıdır. Lakin deviz də dəyişməlidir: "Patent çox, gəlir yox" şüarı qüvvədən düşməlidir. Bütün bunları digər Qlobal İnnovasiya İndeksi də təsdiqləyir. Belə ki, Qlobal İnnovasiya İndeksində Azərbaycan 2016-cı ildə 85-ci yerdə, 2017-ci ildə isə 82-ci yerdə olub. K.İmanov xüsusi vurğulayıb ki, Qİİ-nin Azərbaycanın yeri ilə bağlı bir sıra ziddiyyətləri, hesabatdan irəli gələn uyğunsuzluqları bir kənara qoysaq, aydın olur ki, bizim işləməli böyük ehtiyatlarımız mövcuddur. "İnnovasiya resursları" altindeksində (innovasiya imkanları) 2016-cı ildə 81-ci yeri tutduğumuz halda (2017-ci ildə 78-ci yeri), "innovasiyaların nəticələri" altindeksində müvafiq olaraq, 13 və 12 pillə aşağı nəticə - 94-cü (89-cu) yer müşahidə olunur ki, bu da innovasiya potensialının reallaşdırılmasının kifayət qədər ehtiyatlarının olmasının işarəsidir.

Daha sonra Kamran İmanov Davos İqtisadi Forumunun yeni metodika üzrə hesablanmış 2018-ci il Qlobal Rəqabətqabiliyyətlilik İndeksini detallarla təhlil edib. Bildirib ki, "Təsisatlar keyfiyyəti" sütununun "Mülkiyyət hüquqları" altindeksinin "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə Azərbaycan 4.8 bal yığaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutmuşdu). "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yeri tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir. "İnnovasiya potensialı" mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq ölkəmiz 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər.

Sonda Kamran İmanov innovasiyalara yönələn əqli mülkiyyət siyasətinin detallarını açıqlayıb, Əqli Mülkiyyət Agentliyi qarşısında duran əsas məqsədin innovasiyalara dəstək verən əqli mülkiyyət sisteminin formalaşması olduğunu bildirib.

Qeyd edək ki, təqdimat zamanı təqdim olunan məlumatlar bir tərəfdən beynəlxalq strukturların açıqlanmış reytinqlərinə, digər tərəfdən isə Əqli Mülkiyyət Agentliyində yeni yaradılan əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin ilk dəfə olaraq aparılan araşdırmalarına əsaslanır.

Konfrans panellərlə davam edib. Birinci paneldə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri Tahir Məmmədov "İnformasiya cəmiyyəti və yeni çağırışlar" mövzusunda çıxış edib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması problemlərinə toxunub. O, internetdəki mövcud münasibətlər sistemində müəllif hüquqları ilə bağlı məsələlərin tənzimlənməsi, rəqəmsal piratçılığın iqtisadiyyata vurduğu zərərlər, Azərbaycanda hüquqların təminatı ilə bağlı, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həmçinin piratçılığa qarşı mübarizə tədbirləri barədə danışıb. Habelə Əqli Mülkiyyət Agentliyi tərəfindən yaradılmış qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) və bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması barədə məlumat verib.

“Kreativ iqtisadiyyatın inkişafdakı rolu” mövzusunda təqdimat edən Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Rüstəm Ağayev son illər dünya iqtisadiyyatını əhatə edən tənəzzülə və çətinliklərə baxmayaraq, ölkəmizdə uğurla aparılan islahatların və aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi qaydada həyata keçirilən tədbirlərin nəticəsi olaraq, respublikamızda ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payının davamlı şəkildə artdığını vurğulayıb.

Sonra agentliyin şöbə müdiri Aydın Hüseynov “Texnologiyaların transferi və kommersiyalaşdırılması məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bir neçə problem - universitetlərlə sənaye qurumları arasında biliklərin və texnologiya transferi kanallarının təhlili, ən müasir texnologiya transferi modellərinin seçilməsi məsələləri əhatə olunub, innovasiya infrastrukturunun ən vacib elementi - Texnologiya Transferi və Kommersiyalaşma mərkəzləri şəbəkəsinin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verilib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin şöbə müdiri Gülnarə Rüstəmova “Yüksək texnologiyalar sahəsində patent alınması” mövzusunda çıxış edib. O, tədbir iştirakçılarını ixtiraların nəinki Azərbaycan ərazisində, həm də xaricdə qoruna bilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalar barədə məlumatlandırıb.

Konfransda, həmçinin "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması", "Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmləri", "Elektron ticarətdə əqli mülkiyyət", "Rəqəmsal iqtisadiyyat şəraitində əqli mülkiyyətin kommersiyalaşdırılması məsələləri", "Açıq məlumatlar və onlardan istifadə hüquqları" mövzularında çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.