REGİONLAR
İnnovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, plenar iclasda çıxış edən universitetin rektoru Elbrus İsayev ölkəmizdə həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət təsirini göstərdiyini bildirib. Qeyd edib ki, ölkəmiz innovasiyalara açıq olan və sosialyönümlü yeni iqtisadi modelə keçib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında intellektual mülkiyyətin inkişaf etdirilməsi prioritet istiqamət kimi götürülüb.
Vurğulanıb ki, texnologiyaların kadr hazırlığına tətbiqini həyata keçirtməklə ilk növbədə universitetlərdə elmi səviyyəni yüksəltmək və bu əlaqəni iqtisadiyyatın inkişafına birləşdirməkdən ötəri innovativ infrastruktur formalaşdırılmalıdır.
Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. Universitetdə yaradılan “İnnovasiya mərkəzi”nin fəaliyyətindən və tələbələrin təqdim etdiyi 12 startap layihəsi barədə ətraflı məlumat verən rektor qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaq.
Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev diqqətə çatdırıb ki, son illər ərzində görülən bütün bu işlər, yaradılan şərait, təşkilati və struktur islahatların nəticəsində bu gün Maliyyə Nazirliyində iş müasir tələblər səviyyəsində qurulub. Nazirlik funksiyalarının böyük əksəriyyəti elektron sistemlərə inteqrasiya olunub və bu işlər ardıcıl şəkildə davam etdirilir. Nazir sözügedən sərəncamların əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar səviyyədə yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.
“Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişafın təmin olunması və mühasibat uçotunun beynəlxalq standartlara keçməsinin əsas şərtləri” mövzusunda çıxış edən NDU-nun Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov bildirib ki, yeni ideyaların, təkliflərin, elmi-texniki inkişaf nəzəriyyələrinin praktiki tətbiq edilməsinin kompleks həyata keçirilməsi prosesi olan innovasiya əsaslı iqtisadiyyat dövrün ən dinamik və gəlirli istiqamətlərindən sayılır. İnnovasiyalar sərmayələr, institutlar, insan kapitalı, mövcud olan infrastruktur və biznes mühiti adlı 5 əsas faktora əsaslanır.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən etibarlı maliyyə mühitinin yaradılması və mühasiblərin peşəkar sertifikasiyasının əhəmiyyəti” adlı çıxışında peşəkar mühasib sertifikasiyaların verilmə qaydalarından, imtahanların keçirilmə prosesi və mərhələlərindən danışıb. Qeyd olunan məsələlər videoçarxla əyani şəkildə izah edilib.
Konfrans “Mühasibat uçotu və müasir maliyyə mexanizmləri”, “İnnovasiyayönümlü iqtisadiyyatın tənzimlənməsi”, “Qloballaşan iqtisadiyyatda maliyyə və turizm” adlı üç bölmədə davam edib.