İQTİSADİYYAT


İnşaat materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri ilə maarifləndirici görüşlər keçirilir

Bakı, 6 oktyabr, AZƏRTAC

Hazırda vergidən ən çox yayınma hallarına inşaat materialları və iri ticarət yarmarkalarında rast gəlinir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, iri dövriyyəyə malik satış yerlərində, inşaat materialları bazarında fəaliyyət göstərən sahibkarların böyük bir qisminin uçot-mühasibat işləri yerində deyil. Monitorinqlər də göstərir ki, bir çox təsərrüfat subyektləri vergi yoxlamalarının sayının azaldılmasından sui-istifadə edərək, vergi orqanlarında uçota durmadan vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar. Bu cür vəziyyət isə təbii ki, vergi orqanlarının öz vəzifə və səlahiyyətləri daxilində ciddi tədbirlərin görülməsini zəruri edir.

Bu məqsədlə, Vergilər Nazirliyi inşaat-tikinti materiallarının daha çox satıldığı yerlərdə - Ziya Bünyadov prospekti, 2095-2096-cı məhəllə, “Dərnəgül” və “Baksol” adlanan ərazilərdə sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinə uyğun təşkilinin qaydaya salınması ilə bağlı müvafiq qərar qəbul edib.

Nazirlik tərəfindən təsdiq edilmiş “İnşaat materialları bazarlarında vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidənyayınma hallarının qarşısının alınması ilə bağlı Tədbirlər Planı”na və “İnşaat materialları bazarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidənyayınma hallarının qarşısının alınması üzrə işlərin təşkilini əks etdirən Proseslər Xəritəsi”nə əsasən, qeyd olunan ərazilərdə uçot işinin təşkili işlərinə başlanılıb.

Tədbirlər Planına əsasən, işlərin mərhələli şəkildə - hazırlıq, ünvanlı xidmət-məlumatlandırma, uçotaalınma, vergi öhdəliklərinin müəyyən edilməsi və nəzarət proseslərini aparmaqla həyata keçirilməsi nəzərdə tutulub.

İşçi qrupun üzvlərinə vergi uçotu ilə bağlı ərizələrin və digər sənədlərin yerində qəbulu, vergi öhdəliklərinin müəyyənləşdirilməsi və vergi borclarının alınması, vergi nəzarəti tədbirlərinin keçirilməsi, vergiödəyicisinin baza məlumatlarına baxmaq, özünün və ya təsərrüfat subyektinin uçotda olub-olmamasını müəyyənləşdirməklə yanaşı, uçota alınmanı təmin etmək üçün onları lazımi texniki vasitələr və ləvazimatlarla (planşet, data kart, nəqliyyat, baza məlumatlarına giriş imkanı) təmin etmək səlahiyyətləri verilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə departamentin əməkdaşları inşaat materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri ilə maarifləndirici monitorinqlər keçirməyə başlayıblar.

Maarifləndirici xarakter daşıyan görüşlərdə vergiödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə riayət etmək, öz mühasibat işlərini və uçot məsələlərini qaydaya salmaq, vergi öhdəliklərini yerinə yetirmək barədə izahedici məlumatlar verilib. Bundan başqa, inşaat materiallarının satışı ilə məşğul olan sahibkarların elektron qutularına uçotun təmin edilməsi barədə məktub və bildirişlər göndərilib. Bu cür görüşlər və ödəyicilərə məlumatların elektron qaydada təqdim olunması bu ayın sonuna kimi davam etdiriləcək.

Əsas məqsəd sahibkarlarda uçotun təşkilinin zəruriliyi barədə vərdişlərin formalaşdırılmasından ibarətdir. Maarifləndirmə və izahedici tədbirlər effekt vermədikdə isə digər vasitələrdən istifadə olunması qaçılmazdır, xəbərdarlıqlara məhəl qoymayan ödəyicilər haqqında qanunvericilik çərçivəsində müvafiq addımlar atılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.