CƏMİYYƏT
İnsan alveri ilə bağlı elektron vəsait hazırlanır
Bakı, 31 avqust, AZƏRTAC
Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyi ilə birgə müsabiqənin nəticəsi olaraq “İnsan alveri (beynəlxalq və milli hüquq normaları kontekstində)” adlı elektron kitab hazırlanır.
Mərkəzin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi ölkəmizdə insan alveri cinayətinin qarşısının alınması üzrə preventiv vasitə kimi e-vəsaitin dərc olunması ilə bu cinayətlə mübarizədə milli və beynəlxalq hüquqi normalar barədə e-məlumatlandırma tədbirlərinin görülməsidir.
Bununla əlaqədar Mərkəzin ekspertləri və hüquqşünas alimlər tərəfindən insan alveri ilə mübarizə üzrə elmi-praktiki araşdırmalar həyata keçirilir, ingilis və rus dillərindən tərcümələr edilir. Həmçinin xarici ölkələrin, o cümlədən ABŞ, Fransa, İtaliya, Almaniya və Türkiyədə insan alveri ilə mübarizənin hüquqi xüsusiyyətləri, habelə Çin, Yaponiya və digər Şərq ölkələrinin qanunvericilik normalarının müqayisəli təhlili aparılır.
Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidlinin müəllifi olduğu e-vəsaitin bu ilin oktyabrında istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.