“İnsan alveri və məcburi əməyə YOX deyək!” layihəsinə start verilib
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Mayın 11-də “İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihəyə start verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ilk tədbir Azərbaycan Universitetinin tələbələrinin iştirakı ilə baş tutub. Tədbir “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.3 bəndinə uyğun olaraq həyata keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva açıb. Daha sonra Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimatla çıxış edib. Eyni zamanda, tədbirdə Dövlət Komitəsinin insan alveri ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər haqqında danışılıb.
Tədbirdə “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Satılmış həyat” filmi nümayiş olunub.


Xəbərin mətnində orfoqrafik səhv var