CƏMİYYƏT
İnsan alverinə qarşı mübarizə günü ilə bağlı dəyirmi masa təşkil olunub
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) Daxili İşlər Nazirliyi (DİN) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə birgə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın önəmini qeyd edib. Vüqar Behbudov Milli Fəaliyyət Planında insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirlərinin mühüm yer tutduğunu vurğulayıb. İnsan alverindən zərər çəkmiş şəxslərə Agentlik tərəfindən göstərilən sosial xidmətlər, qurumun tabeliyindəki mərkəzin - İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti haqqında məlumat verən İdarə Heyətinin sədri bu məsələ, xüsusən onların maariflənməsi işində kütləvi informasiya vasitələrinin ardıcıl dəstəyinə ehtiyac olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti ilə xidmət göstərən Mərkəz ötən dövrdə 326 şəxsin sosial reabilitasiyası işlərini aparıb. Onlardan 203 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirilib. 123 nəfər isə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən istiqamətləndirilən potensial insan alverinin qurbanları olub.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın rəhbəri Azər Allahverənov çıxışlarında insan alveri ilə mübarizədə birgə fəaliyyət müstəvisində görülən tədbirlərin əhəmiyyəti barədə danışıblar.
Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Tədbir insan alverinə qarşı mübarizə sahəsində görülən işlər və perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər ilin 30 iyul tarixi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mahiyyəti barədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.
Dəyirmi masada insan alverinə qarşı mübarizədə atılan addımlar, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti, insan alverindən zərər çəkmiş şəxslərin reabilitasiyası üzrə layihələr müzakirə olunub.