CƏMİYYƏT


İnsan alverinə qarşı mübarizədə Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilir

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin Azərbaycan Hökumətinin dəstəyi ilə icra edilən “İnsan alverinə qarşı mübarizə potensiallarının artırılması” layihəsi çərçivəsində respublikamızın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Litvada olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Litva hökumətinin kansleri Algirdas Stançonitis, Baş Prokurorluğun mütəşəkkil cinayətkarlıqla mübarizə departamentinin rəhbəri, general Rimvidas Valentukeviçius, BMqT-nin Litvadakı nümayəndəliyinin rəhbəri xanım Audra Sipaviçiene, Vilnüs Böhran Mərkəzinin rəhbəri xanım Nijole Dirsiene, əmək və əhalinin sosial müdafiə nazirinin müavini Eitvidas Bingelis, kriminal polis bürosunun rəisi, general Linas Pernavas ilə keçirilən görüşlərdə bu sahədə Azərbaycanda görülən işlər, Milli Fəaliyyət planlarının icrası və təkmil normativ hüquqi bazanın yaradılması, eləcə də qazanılan nailiyyətlər yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədəki qabaqcıl təcrübəsi böyük maraq doğurmaqla yanaşı, səmərəli əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb, əlaqələrin perspektivlərindən danışılıb.

Nümayəndə heyəti Litvanın hüquq-mühafizə orqanlarının insan alverinə qarşı mübarizə sahəsində fəaliyyəti ilə tanış olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov ölkəmizin bu istiqamətdə əldə etdiyi və beynəlxalq səviyyədə də təqdir olunan uğurlu nəticələr, qazanılan müsbət təcrübə barədə təqdimatla çıxış edib.

Tədbirdə maraqlı müzakirələr və ətraflı fikir mübadiləsi aparılıb.

İşgüzar səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri Vilnüs və Kaunas şəhərlərində Ali Məhkəmə, Dövlət Əmək Müfəttişliyi Xidməti, bələdiyyə və digər aidiyyəti dövlət qurumlarında da görüşlər keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.