CƏMİYYƏT


İnsan alverinə qarşı mübarizədə beynəlxalq təcrübə öyrənilir

Bakı, 22 may, AZƏRTAC

Avropa İttifaqının və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində BMqT-nin ölkəmizdəki nümayəndəliyinin və regional ofisinin dəstəyi ilə Azərbaycanın 11 nəfərlik nümayəndə heyəti Litvada dördgünlük tanışlıq səfərində olub. Nümayəndə heyətinə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının təmsilçiləri, apellyasiya və rayon məhkəmələrinin hakimləri daxil edilib.

Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, qanunvericiliyin təhlili və Litvada insan alveri ilə bağlı cinayətlərin təqibi halları, bu sahədə prosedur və qaydalarla tanış olmaqdır.

Litva Respublikasının Vilnüs və Kaunas şəhərlərində olan nümayəndə heyəti Litva Hökumətinin Kansleri Alqirdas Stonçaytis, baş prokurorun müavini Rimvyadas Valentukeviçius, sosial təhlükəsizlik və əmək nazirinin müavini Etvidas Binqales, Litva baş polis komissarı Linas Pernavas, Ali Məhkəmənin hakimləri ilə görüşlər keçirib, faydalı fikir və təcrübə mübadiləsi aparıb.

Hökumətin Kansleri ilə görüşdə ölkəmizin insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyi və hüquqi praktikası ilə bağlı əyani təqdimatla çıxış edilib. Həmçinin bu sahədə müsbət təcrübələr, yanaşmalar və yeni tendensiyalar, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları barədə maraqlı müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti İnsan alveri qurbanlarına yardım üzrə Vilnüs Böhran Mərkəzinin, Kaunasda yerləşən Kişilərin Böhran Mərkəzi Assosiasiyasının, Kaunas şəhər bələdiyyəsi nəzdində insan alverinə qarşı çoxşaxəli mübarizəyə dair komandanın fəaliyyəti ilə yaxından tanış olub.

Eyni zamanda, Azərbaycanın Litvadakı səfirliyinə baş çəkilib. Səfir Tamerlan Qarayev səfirliyin fəaliyyəti barədə ətraflı məlumat verib, maraq doğuran məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.