CƏMİYYƏT
İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024–cü illər üçün 4-cü Milli Fəaliyyət Planı ilə bağlı dəyirmi masa keçirəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində insan alveri ilə mübarizə sahəsində çalışan dövlət qurumları, donor və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024–cü illər üçün 4-cü Milli Fəaliyyət Planının (MFP) reallaşdırılmasını müzakirə etmək üçün dəyirmi masa təşkil olunacaq.
BMqT-in Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ofisinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, digər aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.
Dəyirmi masanın açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının rəhbəri çıxış edəcəklər.
BMqT tərəfindən həyata keçirilən layihə Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın səmərəliliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.