“İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” - elmi konfrans
AzerTAg.az

Bakı, 3 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə coğrafiya elmləri doktoru, professor Naib Şirinovun 100 illik yubileyinə həsr olunmuş “İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
İnstitutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov professor Naib Şirinovun həyat və elmi fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, müasir geomorfologiyanın banilərindən olan N.Şirinov Azərbaycan elminin təşəkkülündə əhəmiyyətli rol oynayıb. O, 269 elmi əsərin, 10-dan artıq monoqrafiyanın, 7 xəritə, 2 dərsliyin (ali məktəblər üçün) müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 10 elmlər namizədi elmi dərəcələri alıblar. Onun nümunəvi əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilıb, medal və ordenlərlə təltif edilib, 1978-ci ildə isə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Alimin geomorfologiyanın kartoqrafik əsasına, xəritələrin məzmununun və informasiya tutumunun artırılmasına böyük səy və diqqət ayırdığını vurğulayan baş direktor onun rəhbərliyi və iştirakı ilə Kür-Araz çökəkliyinin, Böyük və Kiçik Qafqazın cənub-şərq ucunun iri və orta miqyaslı geomorfoloji xəritələri, keçmiş SSRİ ərazisinin geomorfoloji, paleocoğrafi və neotektonik xəritələrini tərtib etdiyini diqqətə çatdırıb.
Alim haqqında xatirələrini bölüşən AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov, Bakı Dövlət Universitetinin dekan əvəzi professor Məqsəd Qocamanov, kafedra müdiri dosent Saleh Hağıyev, professorlar Rza Mahmudov və Əmir Əliyev, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Stara Tarixazər, coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyev, Rəfail Abdullayev, Ənvər Əliyev, elmi işçi Luiza Salayeva və başqaları professor Naib Şirinovu Azərbaycanın coğrafiya elminin metodiki əsaslarını qoyan, geomorfologiya elminin klassiki, əsil elm fədaisi, bu günə qədər öz əhəmiyyətini itirməyən bir sıra maraqlı əsərlərin müəllifi, böyük əməksevərliyi, geniş elmi-ictimai dünyagörüşü, elmin perspektivini görmək bacarığı, ətrafında böyük alim kollektivlərini toplamaq bacarığı ilə seçilən bir insan kimi dəyərləndiriblər.
Sonra müasir geomorfologiya, paleocoğrafiya, landşaft planlaşdırılması və relyef, regionların davamlı inkişafı və sosial problemlər, Azərbaycanın təbii ehtiyat potensialından istifadə, regionların turizm və rekreasiya imkanları, torpaq, iqlim və su ehtiyatları, təbii komplekslərin ekoloji problemləri, insan və relyef amili və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Xəbərin mətnində orfoqrafik səhv var