DÜNYA


İnsanların rəvayətlərə marağının tarixi öyrənilir

Bakı, 17 may, AZƏRTAC

Bütün cəmiyyət və zamanlarda insanlar rəvayətlərə ehtiyac hiss ediblər. Təkamül nəzəriyyəsi mütəxəssisləri bunun səbəblərini araşdırıblar. Onların fikrincə, günümüzdə maraqla oxunan qədim dastanların ana xəttini təşkil edən “dostluq” ideyası indi də tədqiqat mövzusu olaraq qalır.

AZƏRTAC BBC-nin saytında dərc edilmiş elmi məqaləyə istinadla xəbər verir ki, “Ədəbi darvinçilər” adlanan alimlər Homerin “İliada”sından “Harry Potter”ə qədər bir çox əsərlərin populyar olması səbəblərini izah etməyə çalışırlar. Onların qənaətinə görə, insanların qəhrəmanlıq, dostluq, sədaqət və digər dəyərləri tərənnüm edən əhvalatlara marağının tarixi ibtidai icma dövrünə gedib çıxır. Otuz min il əvvəl Fransada ibtidai insanların mağaralarda çəkdikləri primitiv divar rəsmlərinin də sözlü izahı olduğu güman edilir.

Miçiqan Universitetinin professoru Daniel Kryuqerin qənaətinə görə, mağaralardakı bu rəsmlər ov səhnələrini təsvir edir və insanlar üçün müəyyən təcrübə ötürmək rolunu oynayırdı. O əlavə edib: “Günümüzdə tonqal ətrafında toplaşmasaq da, bir insan orta hesabla oyaq keçirdiyi vaxtının 6 faizini müxtəlif əhvalatlara ayırır. Hekayələrə bu qədər uzun zaman sərf edilməsinin əsas səbəbi həyatın reallıqlarından uzaqlaşmaqdır”.

Lakin psixoloqlar və ədəbiyyat nəzəriyyəçiləri insanların hekayələrə meyilli olmasının bir çox faydası ola biləcəyini düşünürlər. Missuri Universitetinin professoru Cozef Kerola görə, müxtəlif əhvalatları oxumaq, filmlərə tamaşa etmək və sairə bizə başqaları haqqında məlumat verməklə yanaşı, dünyagörüşümüzün formalaşması, sosial vəziyyətlərdə müxtəlif strategiyalar düşünməyimizə də kömək edir.

Təkamül psixologiyası mütəxəssisləri hesab edirlər ki, insanlar toplum şəklində yaşamağa başladığı zaman dinlədikləri və oxuduqları müxtəlif hekayələrdən cəmiyyətin sosial prinsiplərinin təbliği məqsədilə istifadə ediblər. Həmrəylik, xeyirlə şərin mübarizəsi və sosial ədalət mövzuları bu əsərlərin ana xəttini təşkil edib. Sənaye inqilabından sonra fərdiyyətçilik meyillərinin artması fonunda insanların həmrəyliyə marağı azalıb. Amma Kryuqer və Kerol vurğulayırlar ki, XIX əsrdə və XX əsrin əvvəllərində yazılmış, ən çox oxunan ingilis romanlarında bu mövzuya geniş yer ayrılıb. Vətənpərvərlik və sosial ədalət kontekstində təqdim olunan həmrəylik mövzusu cəmiyyətin sıx birləşməsinə kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.