CƏMİYYƏT
İnşası davam edən çoxmərtəbəli binadan fəhlənin yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Yasamal rayonu ərazisində inşa edilən çoxmərtəbəli binada sentyabrın 14-də saat 10 radələrində fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Yasamal Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, Yasamal rayonu ərazisində “AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan çoxmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.