CƏMİYYƏT
“Instagram”dakı selfi güclü diaqnostik vasitə ola bilər
Bakı, 18 avqust, AZƏRTAC
Harvard Universiteti əməkdaşlarının fikrincə, istifadə edilən filtr və fotonun rəng korreksiyasına əsasən depressiyanı aşkar etmək olar.
AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, 166 istifadəçinin 43000-dən çox təsviri təhlil edilib. Adi vəziyyətlə müqayisədə depressiya zamanı fotolar daha çox mavi və boz tonlarda, daha tünd və “Inkwell” filtri ilə olub. Depressiya olmayanda istifadəçilər daha çox “Valencia” (fotonu açıq və işıqlı edir) filtrindən istifadə ediblər. Ümumiyyətlə, depressiya filtrdən istifadə etmək ehtimalını artırıb.
Bütün bunlardan belə çıxır ki, foto əsasında diaqnoz qoymaq olar. Təəccüblü olsa da, bu qiymətləndirmə adamlar arasında sorğu keçirilməsindən daha yaxşı nəticə verib. Çünki depressiya durumunda olan adamların fikrincə, göyümtül, tünd və bozumtul fotolardakı təsvirlər kədərli olmayıb.