ELM VƏ TƏHSİL
İnstitut: Məktəb icmalarının inklüziv təhsilə yanaşması müsbətdir
Bakı, 3 mart, AZƏRTAC
Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə üzrə tədbirləri davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin əhatə dairəsinə daxil olan məktəblərə sahə üzrə mütəxəssislər tərəfindən metodik dəstək verilib. Belə ki, inklüziv təhsilin vacib hissələrindən biri olan fərdi təlim planlarının tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə müəllimlər, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları və valideynlərə kömək göstərilib. Eyni zamanda, məktəb heyəti ilə əlilliyi olan şagirdlərin sosial adaptasiya və akademik nailiyyətlər baxımından inkişafı haqqında müzakirələr aparılıb, müvafiq təklif və məsləhətlər verilib.
Bundan əlavə, görülən işləri qiymətləndirmək və müvafiq dəyişiklikləri zamanında etmək məqsədilə həmin məktəblərdə monitorinq keçirilib. Monitorinq zamanı məktəb rəhbərliyi və pedaqoji heyət (müəllimlər, korreksiyaedici pedaqoqlar və psixoloqlar) ilə inklüziv təhsilin vəziyyəti, tədris-təlim prosesinin təşkili, o cümlədən inklüziv təhsil mövzusunda maarifləndirici fəaliyyət və göstərilən metodik dəstəyin faydalılığı haqqında müzakirələr aparılıb, rəy və təkliflər toplanılıb. Bundan başqa, dərslər dinlənilib, məktəbin infrastrukturunun imkanları dəyərləndirilib. Ümumilikdə aparılan monitorinqlər göstərir ki, məktəb icmalarının inklüziv təhsilə yanaşması müsbətdir.