ELM VƏ TƏHSİL


İnstitutda 2022-ci il üzrə qarşıya qoyulan vəzifələrin icra vəziyyəti müzakirə olunub

Bakı, 14 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda institutun bəzi struktur bölmələrinin 2022-ci il üzrə fəaliyyət planlarının təsdiqi və son 4 ay ərzində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti haqqında müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək rəhbəri olduğu müəssisədə dünya elminin tələblərinə cavab verən, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparılmasının zəruriliyindən danışıb. Bildirib ki, institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, mütəmadi olaraq aktual mövzularda seminarların təşkili və əldə olunan mühüm elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında nəşri hər bir əməkdaşın qarşısında duran əsas vəzifələrdəndir.

Akademik yüksəkixtisaslı kadrların hazırlanmasının rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edərək deyib ki, institutda elmi fəaliyyətin gücləndirilməsi ilə yanaşı, cəmiyyətə yararlı, keyfiyyətli, rəqabətədözümlü kadrların yetişdirilməsi də diqqət mərkəzində saxlanılmalıdır.

Sonra bəzi struktur bölmələrin 2022-ci il üzrə fəaliyyət planlarına dair müzakirələr aparılıb. Hər bir şöbə rəhbəri plan çərçivəsində yerinə yetirilmiş işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

Fəaliyyət planları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə edilərək təsdiq olunub.

İclasda “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev də çıxış edərək “EaPEC 2022” (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı çərçivəsində GEANT Assosiasiyasının nümayəndə heyətinin instituta səfərinin yekunları haqqında danışıb. Diqqətə çatdırıb ki, görüş çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr aparılıb.

Daha sonra institutun elmi katibi böyük elmi işçi Nərmin Adıgözəlova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan olunmuş “Əsas Qrant Müsabiqəsi – 2022” haqqında məlumat verib. Bildirib ki, qabaqcıl texnologiyalar və kəşflərin sayını artırmağı nəzərdə tutan bu qrant layihəsində gənc alimlərlə yanaşı, digər alim və tədqiqatçılar da iştirak edə bilərlər.

N.Adıgözəlova, həmçinin 16-cı IEEE “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 15th IEEE International Conference Application of Information and Communication Technologies) konfransı haqqında məlumat verib. O, konfransın oktyabrın 12-14-də Vaşinqton şəhərində hibrid formatda təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, institut əməkdaşlarını bu mötəbər tədbirdə fəal iştirak etməyə çağırıb.

İnstitutun elmi vəzifələrinə vakant yerlər üçün müsabiqəsinin keçirilməsi haqqında məlumatı Kadrlar şöbəsinin müdiri Ülviyyə Ələkbərova təqdim edərək müvafiq qaydaları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin bir sıra kadr məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.