ELM VƏ TƏHSİL
İnstitutun alimləri şagirdləri kimya fənnindən ali məktəbə hazırlaşdıracaqlar
Bakı, 24 iyun, AZƏRTAC
Suraxanı rayonunun X sinfə keçən və gələcəkdə birinci qrup ixtisaslarını seçən 15 şagirdini bu ilin sentyabrından iki il müddətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun alimləri kimya fənnindən təmənnasız olaraq ali məktəbə hazırlaşdıracaqlar.
AMEA- dan AZƏRTAC-a bildiriblər ki, bu proses institut ilə Suraxanı Rayon İcra Hakimiyyəti arasındakı razılığa əsasən həyata keçiriləcək. Şagirdlər və rayon icra hakimiyyətinin nümayəndələri Neft Kimya Prosesləri İnstitutunda olublar. İnstitutun direktoru, akademik Vaqif Abbasov şagirdlərin suallarını cavablandırıb, onlara yeni kitabını hədiyyə edib.