DÜNYA
“Intel” şirkəti ABŞ-da mikrosxemlər istehsal edən müəssisəyə 20 milyard dollar sərmayə yatıracaq
Vaşinqton, 24 yanvar, AZƏRTAC
“Intel” şirkəti ABŞ-ın Ohayo ştatında çiplər istehsal edən zavodun tikintisinə 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, şirkətin məqsədi yarımkeçiricilərin ölkə daxilində istehsalını artırmaqdır, çünki çiplərlə təchizat zəncirinin qlobal pozulması və bu məhsula tələbatın artması bütün dünyada, o cümlədən avtomobil sənayesində çiplərin kəskin defisitinə gətirib çıxarıb.
Çiplər istehsal edən müəssisə Ohayo ştatının Nyu-Olbani şəhərində tikiləcək. Yeni kompleksə daxil olan iki fabrikdə 3 min nəfər çalışacaq. Tikintisinə bu il başlanacaq kompleksin 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Koronavirus pandemiyası nəticəsində qlobal təchizat zəncirində yaranmış pozuntular son iki ildə yarımkeçiricilər istehsalına ciddi təsir göstərib. Apple, AMD və Qualcomm kimi şirkətlər tərəfindən istifadə edilən müasir kompüter çiplərinin çoxu Taiwan Semiconductor Manufacturing Company (TSMC) şirkətində istehsal olunur. Lakin bu şirkətin Çinin yaxınlığında yerləşməsi faktı amerikalıları bir qədər narahat edir.
2021-ci ilin dekabr ayında “Intel” şirkətinin baş direktoru Pet Gelsinger federal paket layihəsini dəstəkləyərək qeyd edib ki, bu paket çiplərin çatışmazlığı problemini həll etməsə də, gələcəkdə belə halların qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edəcək. “Intel” çiplər istehsalı biznesində birinciliyi özünə qaytarmaq məqsədilə son bir ildə 100 milyard dollardan artıq sərmayə qoyulacağını vəd edib. Keçən il şirkətin baş direktoru təyin edilmiş Pet Gelsinger bu işlərə şəxsən özü rəhbərlik edir. 2020-ci ildə qrafik çiplər istehsalçısı “Nvidiya” “Intel”i qabaqlayaraq ABŞ-da ən bahalı çiplər istehsalçısına çevrilib, 2021-ci ildə isə rüblük gəlirin həcminə görə ən iri çip istehsalçısı olan “Samsung” “Nvidiya”nı da geridə qoyub.
AZƏRTAC-ın Vaşinqton bürosu