ELM VƏ TƏHSİL
İntellektual elektron kitabxanaların formalaşması problemləri və həlli yolları araşdırılır
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2019-cu il üzrə fəaliyyət planını təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, M.Səidova şöbədə aparılacaq elmi-tədqiqat işlərindən danışıb, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini diqqətə çatdırıb.
M.Səidova antiplagiat sistemlərinin analizi və milli antiplagiat sisteminin yaradılması konsepsiyasının işlənilməsi ilə bağlı görüləcək işlərdən bəhs edib. O bildirib ki, antiplagiat sistemlərinin iş prinsiplərinin öyrənilməsi, internet mühitində mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunmaq üçün tövsiyələrin işlənilməsi, plagiatlıqla mübarizə üsulları, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yollarının araşdırılması ilə bağlı tədqiqatların aparılması planlaşdırılır. Bununla yanaşı, e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, Azərbaycan dilinin öyrədilməsi və qiymətləndirilməsinin mövcud vəziyyətinin tədqiqi, bu istiqamətdə xarici təcrübənin araşdırılması nəzərdə tutulur.
Məruzəçi cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verib, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçiriləcəyini, beynəlxalq elmi-texniki cəmiyyətlərə üzvlüklə əlaqədar işlərin davam etdiriləcəyini söyləyib.
Tədbirdə şöbənin elmi fəaliyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik antiplagiatlıq imkanları olan elektron kitabxanaların yaradılması, kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, cəmiyyətlə əks əlaqənin qurulması üçün sentiment analizin aparılmasının zəruriliyini vurğulayıb.