REGİONLAR


İntellektual oyunlar olimpiadasının Naxçıvan şəhər birinciliyi başa çatıb

Naxçıvan, 14 fevral, AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Naxçıvan şəhər birinciliyi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışlar “Xəmsə” milli intellektual, “Poliqon” strateji intellekt və “Vətəni tanı” intellektual oyunları üzrə vahid turnir şəklində keçirilib.

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin “Günnüt” komandası “Xəmsə” oyununda ən çox xal toplayaraq qalib adını qazanıb. 5 nömrəli tam orta məktəbin “Altay” komandası ikinci, 8 nömrəli tam orta məktəbin “Bozqurd” komandası isə üçüncü olub.

“Poliqon” strateji intellekt oyununda iştirakçılar 24 sualı cavablandırıblar. Daha çox düzgün cavab verən 12 nömrəli tam orta məktəbin “Günnüt”, Qızlar Liseyinin “Mübariz” və 5 nömrəli tam orta məktəbin “Şahin” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıb.

“Vətəni tanı” intellektual oyununda isə pazl şəklində Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Naxçıvan Qarnizonu tam orta məktəbinin “Azimut” komandası birinci olub. Naxçıvan Qızlar Liseyinin “Azərbaycan” və 17 nömrəli tam orta məktəbin “Əlincə” komandaları isə olimpiadanı iki və üçüncü pillələrdə başa vurublar.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli tərəfindən qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, həmçinin oxunması zəruri olan kitablar təqdim edilib.

Olimpiada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.