CƏMİYYƏT
İntellektual oyunlar üzrə IV Beynəlxalq “İçərişəhər Kuboku“ festivalı məşhur biliciləri Bakıya toplayacaq
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 30-31-də Bakıda intellektual oyunlar üzrə IV Beynəlxalq “İçərişəhər Kuboku” ənənəvi festivalı keçiriləcək.
Festivalın təşkilatçısı Azərbaycan İntellektual Klublar Assosiasiyasına (AİKA) daxil olan “İçərişəhər” İntellektual Oyunlar Klubudur.
Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçiriləcək. Festivalın əsas tərəfdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Tədbirin tərəfdaşı “Art Garden” restoranıdır.
Tanınmış bilicilər, Moskvanın “Nə? Harada? Nə vaxt?” elitar klubunun oyunçuları festivalda iştirak etmək üçün Bakıya gələcəklər. Ümumiyyətlə, tədbirdə 30 komanda yarışacaq.
Tədbirin proqramına “Nə? Harada? Nə vaxt?”, “Breyn Rinq” və “Öz oyunun” üzrə turnirlər daxildir.
Festival “İçərişəhər Kuboku” beynəlxalq turnirinin final mərhələsi olacaq. Onun üç mərhələsi 2015-ci ilin dekabrından 2016-cı ilin mayına olan müddətdə keçirilib. Turnirin hər bir mərhələsində dünyanın 100-dən çox şəhərindən 500-dən çox komanda iştirak edib. Tədbirin keçirildiyi hər bir şəhərdə mərhələ başlamazdan əvvəl yerli biliciləri Bakının tarixi mərkəzi olan İçərişəhərin çoxəsrlik tarixi və ümumdünya dəyəri ilə tanış edən informasiya mətni oxunub.
Turnirin coğrafiyasını və iştirakçılarının sayını (yarışlarda ABŞ, Kanada, Almaniya, Latviya, Böyük Britaniya, İsrail, Çexiya, Litva, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Moldova, Türkmənistan, Estoniya, Qazaxıstan, Tacikistan, İrlandiya komandaları iştirak edib) nəzərə alaraq demək olar ki, dünyanın hər yerindən intellektuallar Bakı şəhərini və bütövlükdə Azərbaycanı daha yaxından tanıyıblar. Minlərlə adam ölkəmiz haqqında maraqlı və yaddaqalan məlumat əldə edib.
Üç seçmə mərhələnin qalibi olan Pavel Utoçkinin komandası (Sankt-Peterburq) əyani turnirdə iştirak etmək üçün Bakıya dəvət olunub.