ELM VƏ TƏHSİL
İntellektual oyunların informatika fənninin tədrisinə tətbiqi ilə bağlı məruzə dinlənilib
Bakı, 17 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin onlayn elmi seminarında dissertant Bahar İsmayılova “İntellektual oyunların informatika fənninin tədrisinə tətbiqi ilə bağlı aparılan pedaqoji-psixoloji eksperimentin təşkili və nəticələrin təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin problemləri və intellektual oyunlar vasitəsilə informatika fənninin tədrisi keyfiyyətinin yüksəldilməsi yollarından bəhs edilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədqiqatçı pedaqoji-psixoloji eksperiment və onun mərhələlərindən söhbət açıb. Diqqətə çatdırılıb ki, Bakı şəhəri də daxil olmaqla respublikanın bir çox şəhər və rayonlarında pedaqoji-psixoloji eksperiment aparılıb. Əldə olunan nəticələrə əsasən məlum olub ki, informatika fənninin tədrisi prosesində, şagirdlərin bilik və bacarıqları ilə bağlı çatışmazlıqlar öyrənmə və öyrətmə proseslərinin rəqəmsal əsrin tələbləri səviyyəsində qurulmamasındadır. Şagirdlərin öyrənmə motivasiyası, idrak fəallığı, müstəqilliyi və özünüqiymətləndirməsi, özünütəkmilləşdirməsi qənaətbəxş deyil. Onlar mütaliə ilə az məşğul olduqları üçün fikirlərini nəzəri və praktik əsaslandırmağı bacarmırlar.
Məruzəçi qeyd edib ki, eksperimental siniflər üçün əvvəlcədən yeni material və metodika ilə bağlı müxtəlif mövzulara aid dərs - icmal nümunələri işlənib hazırlanıb. Eksperimentin ikinci - öyrədici mərhələsində bu materiallardan istifadə olunub, müəllimlər və şagirdlərə krossvord həlletmə, tərtibetmə, rollu oyunların hazırlama qaydaları izah edilib.
Tədqiqatçı diqqətə çatdırıb ki, şagirdlərin informatika fənni üzrə ümumi hazırlığında intellektual oyunların tətbiqinin, krossvordların həll olunması və hazırlanmasının, tədrisyönümlü kompüter oyunlarından istifadənin əhəmiyyəti böyükdür. İntellektual oyunlar, krossvordların tədrisdə tətbiqi 45 dəqiqə müddətində hər bir şagirdin potensialına uyğun olaraq 100 faiz fəallığını, şagirdlərin müstəqil fəaliyyətini, özünüqiymətləndirməsini və s. təmin edir. Şagirdlərin fərdi, kiçik qruplarla və kollektiv şəkildə idrak fəallığını yüksəltmək, müstəqil işlərin təşkilini yüksək səviyyədə həyata keçirmək üçün əlverişli şərait yaranır. Son nəticənin əldə edilməsi üçün hər bir şagirddə rəqabət aparmaq, yarışmaq, özünütəsdiq etmək arzusu yaranır, qətiyyət, məsuliyyət, inadkarlıq tərbiyə olunur.
B.İsmayılova onu da qeyd edib ki, intellektual oyunlar, krossvordların tədrisdə tətbiqi hər bir şagirdin şəxsiyyət kimi özünüqiymətləndirmə, özünütəhlil, özünüreallaşdırması üçün geniş imkanlar yaradır. Bundan əlavə, onların informasiya texnologiyalarından istifadə bacarıqları artır, dərinləşir.
Sonda məruzə ilə bağlı müzakirə aparılıb, suallar cavablandırılıb.