REGİONLAR
İntellektual oyunun Babək rayon birinciliyi başa çatıb
Babək, 9 oktyabr, AZƏRTAC
Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr edilmiş yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Babək rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək, oyunun keçirilməsində məqsədin Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, həmçinin oxunması zəruri olan kitabların gənclər və yeniyetmələr arasında təbliğ edilməsindən ibarət olduğunu bildirib.
İntellektual oyun 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilib. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunublar.
Birincilikdə Yarımca kənd tam orta məktəbinin “Zəfər” komandası I, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin “Turan” komandası II, Hacıvar kənd tam orta məktəbinin “Qarabağ” komandası isə III yerə çıxıb. Sonda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim edilib.
Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyə 40-a yaxın yeniyetmə qatılıb.