REGİONLAR
İntellektual yarışda uğur qazanan gənclər mükafatlandırılıblar
Naxçıvan, 22 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində “Xəmsə” milli intellektual oyunu üzrə XIII Azərbaycan çempionatının ikincisi olan “Diplomat” komandasının üzvləri ilə görüş keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclər və idman naziri Azad Cabbarov gəncləri təbrik edib, qazanılan nəticəni muxtar respublikada aparılan gənclər siyasətinin uğurla icra olunmasından xəbər verdiyini bildirib. Diqqətə çatdırıb ki, gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin bu sahəyə qarşı həssas münasibəti, yaradılan əlverişli şərait istedadlı gənclərimizin müxtəlif sahələrdə uğurla təmsil olunmasına, Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət etməsinə əsaslı zəmin yaradır.
Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif formatda keçirilən intellektual oyunların önəmindən bəhs edən Azad Cabbarov vurğulayıb ki, yarışlar gənclərimizin bilik və dünyagörüşünün zənginləşməsində müstəsna rola malikdir. Uğur qazanan komandalarımızın ölkə birinciliklərində iştirakı davamlı olaraq təmin edilir. Sevindirici haldır ki, ölkə miqyasında əldə olunan uğurların siyahısına daha biri əlavə olunub. Buna qədər təmsilçilərimiz “Axtar tap”, “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” və “Poliqon” intellektual oyunlarının mükafatçıları sırasına düşüblər. Nazir əminliyini bildirib ki, gənclərimiz gələcək yarışlara da əzmlə, böyük ruh yüksəkliyi ilə hazırlaşacaqlar. Komandaya uğurlar arzulayan Azad Cabbarov gəncləri nazirlik adından təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıb.
“Diplomat” komandasının üzvləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, intellektual yarışda muxtar respublikanı “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə və Naxçıvan Dövlət Universitetinin tələbələri Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov təmsil ediblər.