REGİONLAR


İntellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib

Sumqayıt, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə üçüncü mövsümdür ki, “Azərbaycanın İntellektual Birincisi” layihəsi həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür.

AZƏRTAC xəbər verir ki, noyabrın 4-də Sumqayıtdakı Gənclər Evində “Azərbaycanın İntellektual Birincisi” layihəsinin Abşeron iqtisadi rayonu üzrə zona turnirinin açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib, sonra çıxışlar olub.

"İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxışında “Azərbaycan gəncliyi 2017-2021–ci illərdə” Dövlət proqramının alt sənədinə uyğun olaraq reallaşdırılan layihənin iştirakçılarına uğurlar arzulayıb. Qeyd edilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni tanı") üzrə keçirilən layihədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən çox rayondan 1500 gənc iştirak edir. Hər rayon yarışa 18 nəfərlik komanda ilə qatılıb. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan Muxtar Respublikası, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər mərkəzlərində keçirilir.

Sonra Abşeron, Xızı, Sumqayıt şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron iqtisadi rayonu üzrə zona turnirinə start verilib.

“Vətəni tanı” intellektual oyununda Sumqayıt şəhərinin, “Axtar tap”, “Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında isə Abşeron rayonunun gənc intellektualları qalib olublar. Qalib komandalar layihənin final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, layihə iki mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Azərbaycanın İntellektual Birincisi” layihəsinin final mərhələsi Bakı şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.