REGİONLAR


İntensiv arıçılığa həsr olunmuş elmi konfrans keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Arıçılıq Mərkəzində intensiv arıçılıq məsələlərinə həsr olunmuş konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfransı açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Mahir Hacıyev bildirib ki, aqrar sektorun dinamik inkişafı şəraitində arıçılığın elmi əsaslarla inkişafı prioritet hədəflərdən biridir. “Artıq respublikada arıçılıq sahəsində fəaliyyət göstərən təsərrüfatların sayı 30 min 760-ı, arı ailələrinin sayı isə 500 mini ötüb. Sonrakı mərhələdə arıçılığın intensiv metodlarla inkişaf etdirilməsi, yem bazasının zənginləşdirilməsi, damazlıq işinin təşkili, ekoloji təmiz məhsul istehsalına nail olunması vacibdir” - deyə o qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev Arıçılıq Mərkəzində həyata keçirilmiş işləri müsbət qiymətləndirərək, qarşıda duran mövcud problemlərdən söz açıblar.

Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov intensiv arıçılığın inkişafı baxımından həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, qlobal iqlim dəyişmələri nəticəsində təbiətdə ekoloji tarazlığın pozulması nəticəsində arılar üçün yem mənbələri sıradan çıxmaqdadır. “Ona görə də hazırda köçəri arıçılıq öz yerini intensiv arıçılığa verməlidir. Modern arıçılıq mədəniyyəti hökm sürən ölkələrdə arıxananı yem mənbəyinin yanına deyil, yemi arıxanaların yanına gətirirlər. Bunun üçün arıxanaların yanında lavanda, rozmarin və digər bal verən kollar əkilməli, bal verən ağac zolaqları salınmalıdır. Mərkəzimizdə nümunəvi arıçılıq təsərrüfatı yaradılıb, eyni zamanda lavanda, rozmarin bitkisi yağının istehsalına nail olmuşuq. Mərkəzdə arıların süni mayalanma laboratoriyası yaradılıb, arılar arasında süni mayalanma işlərinə başlanılıb. Bu məsələyə fermerlər arasında da böyük maraq var, artıq mərkəzə müraciətlər edilir. Arıçılıqda süni mayalanma cırlaşmanın qabağını alır, genetik xüsusiyyətləri qorunub saxlanır, ən yaxşı hibridlərdə gen daşıyıcılarını idarə etmək mümkün olur. Hazırda mərkəzimizin təsərrüfat sahəsində 210 baş arı ailəsi var”, - deyə A. Seyidov vurğulayıb.

Daha sonra Türkiyənin Bingöl Universitetinin professoru Ramazan Meral, dosent Duyğu Nur Çobanoğlu Arıçılıq Mərkəzi ilə birgə həyata keçirilən layihələrdən bəhs edib, Gəncə-Qazax bölgəsində bal məhsullarının mikroskopik və biokimyəvi analiz nəticələrindən danışıblar.

Konfrans çərçivəsində arıçı heyvandarların çoxsaylı sualları cavablandırılıb və Arıçılıq Mərkəzinin nümunəvi təsərrüfatına baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.