REGİONLAR
İnteraktiv dərsdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyatı haqqında ətraflı məlumat verilib
Naxçıvan, 14 yanvar, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində keçirilən interaktiv dərsdə muxtar respublikanın 205 ümumtəhsil məktəbinin müəllim-şagird kollektivinə Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyatı haqqında ətraflı məlumat verilib.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Əziz Əliyevin həyat yolu” mövzusunda keçilən dərsdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanda tibb sahəsində xüsusi yeri olan Əziz Əliyevin həyat və ictimai-siyasi fəaliyyəti barədə ətraflı söhbət açıb.
Akademik bildirib ki, bu il görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi tamam olur. Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. 1921-1923-cü illərdə Naxçıvanın Şahtaxtı kəndində həkim köməkçisi kimi fəaliyyət göstərən Əziz Əliyev sonralar müxtəlif məsul vəzifələrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, ölkəmizdə səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr bəxş edib. Azərbaycanda səhiyyə sahəsinə xüsusi diqqət yetirən Əziz Əliyev xalq səhiyyə komissarının müavini, sonralar isə xalq səhiyyə komissarı vəzifələrində işləyərkən bu sahədə bir çox problemlərin aradan qaldırılmasında əməli tədbirlər görüb.
Şagirdlərin diqqətinə çatdırılıb ki, ölkədə səhiyyə işlərini yaxşılaşdırmaq, yüksək ixtisaslı tibb kadrlarının hazırlığını gücləndirmək məqsədi ilə müxtəlif illərdə Əziz Əliyev səhiyyə şöbəsinin müdiri, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılan Tibb İnstitutunun rektoru təyin olunub. O, burada milli həkim kadrlarının, eyni zamanda, Azərbaycan dilində dəyərli tibb dərsliklərinin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqət yetirib. Belə ki, görkəmli elm xadimi 45 adda dərslik hazırlayaraq çap etdirib. O, müxtəlif illərdə Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Bakı Dövlət Universitetinin, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və digər vəzifələrdə çalışıb.
“Əziz Əliyev harada işləməsindən, hansı vəzifəni yerinə yetirməsindən asılı olmayaraq həmişə Azərbaycançılıq mövqeyindən çıxış edib, Azərbaycanı, onun inkişafını və gələcəyini düşünüb”, - deyən İsmayıl Hacıyev qeyd edib ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olub.
Açıq dərsdə bildirilib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ideyaları bu gün də onun yetirmələri və davamçıları tərəfindən uğurla yerinə yetirilir.