MƏDƏNİYYƏT
“İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
Bakı, 25 oktyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC
Oktyabrın 25-də Qərb Universitetində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda 3 dildə ədəbiyyat və musiqi sənətinin intermedial əlaqələri və bir sıra məsələləri barədə müzakirələr aparılıb.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Zenfira Məmmədova bildirib ki, konfransda Tokio İncəsənət Universitetinin (Yaponiya), Gürcüstan Dövlət Folklor Mərkəzinin (Gürcüstan), Ural Federal Universitetinin (Yekaterinburq, Rusiya Federasiyası), İslam Azad Universitetinin Qum filialının (İran), AMEA-nın Nizami adına Ədəbiyyat, Memarlıq və İncəsənət institutlarının, Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri iştirak edirlər.
Konfransda intermediallıq poetikası, musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi, Azərbaycan muğamı və aşıq yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı vəhdəti, incəsənətlərin ümumiliyi, musiqi və bədii ədəbiyyat, musiqi və poeziya, musiqi və dramaturgiya, ədəbiyyat–kino–musiqi, bəstəkar və ədib, bədii forma və digər məsələlər barədə məruzələr dinlənilib.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Orta əsr Mərkəzi Asiyadakı mədəni transferə ortaq muğam və poeziya mühitinin təsiri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında yayılan muğamın coğrafiyasını elmi əsaslarla şərh edən akademik dahi söz ustaları - Nizami Gəncəvi, Hafiz, Füzuli, Sədi Şirazi, Seyid Əzim kimi qüdrətli sənətkarların yaradıcılığının muğama təsirindən söhbət açıb. Xüsusilə “İpək yolu” boyunca müsəlman dünyasının və bütünlükdə bu coğrafiyadakı ölkələrin “muğam dili”nin ucalan xətlə inkişaf etməsində şairlərin, xanəndələrin, el sənətkarlarının böyük rolu olduğunu bildirib.
Konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandıran natiq muğamın təbliğində Əbdülqadir Marağainin xüsusi rolunu göstərməklə yanaşı, XIX əsrin sonları, XX əsrin əvvəllərində Məşədi İsi, İslam Abdullayev, Hacı Hüsü, Keçəçi oğlu Məhəmməd kimi görkəmli sənətkarların muğamın Azərbaycanda xüsusilə inkişaf etməsində böyük rol oynadıqlarını bildirib.
Tədbirdə Tokio İncəsənət Universitetinin fəxri doktoru Geniçi Tsuge “Baburnamə”yə yenidən baxış” mövzusunda məruzəsində qədim cığatay türklərinin istifadə etdikləri tambur, ud, kamanə, qopuz kimi qədim türk alətlərindən söhbət açıb.
Konfransda ədəbiyyat və musiqi sənətinin intermedial əlaqələri haqqında müzakirələrdə Rusiyadan Olqa Tarışeva, Gürcüstandan Nana Vaişvili, İrandan Fərid Pərvaneh və digər qonaqlar qədim ədəbiyyatın, musiqinin və incəsənətin bütün növlərinin sərhəd tanımadığını və bütün xalqların mədəniyyətlərinin qarşılıqlı inkişaf etdiyini, bir-birinə təsirinin danılmaz olduğunu vurğulayıblar.
Əsasən 5 bölmədə müzakirələrlə davam edən konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, kulturologiya elmləri doktoru Çingiz Abdullayev, Milli Konservatoriyanın prorektoru Lalə Hüseynzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, Milli Konservatoriyanın kafedra müdiri Fəttah Xalıqzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və başqaları öz məruzələrində müasir Azərbaycan humanitar elmlərində musiqi və incəsənətin böyük rolu olduğunu bildiriblər.
Konfransda “Məhəmməd Füzulinin “Yeddi cam” poemasında musiqi və hikmət”, “Nizami Gəncəvinin əsərlərində ərğənun aləti”, “Müstəqillik illərində marş tipli nəğmələr”, “Qəzəllə muğamın psixoloji vəhdəti”, “Aşıq yaradıcılığında musiqi ilə poetik mətnin qarşılıqlı əlaqələrinə dair”, “Operada Azərbaycan ədəbiyyatının əksi”, “Musiqi sözün əsirliyində” və digər mövzularda məruzələr dinlənilib.
Konfransda tar və kamançanın müşayiəti ilə beynəlxalq muğam festivalının laureatı Kamilə Nəbiyevanın ifasında muğamlar səsləndirilib.