ELM VƏ TƏHSİL
İnternat məktəbində keçirilən didaktik oyunlar uşaqlar tərəfindən maraqla qarşılanıb
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Bilgəh qəsəbəsindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbində “Oynayaraq öyrənək” layihəsi çərçivəsində məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün didaktik oyunlar təşkil edilib.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan (TİPİİ) AZƏRTAC-a bildiriblər ki, didaktik oyunlara Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecin tələbələri moderatorluq ediblər. Bu tələbələr layihənin birinci mərhələsində TİPİİ-nin əməkdaşları Elnarə Cavadovanın və Fəxri Məmmədlinin “Didaktik oyunlar. Nəzəriyyə və təcrübə” mövzusunda apardıqları seminarlarda iştirak edib, müvafiq bilik və bacarıqlar qazanıblar. Tələbələrin keçirdikləri didaktik oyunlar uşaqlar tərəfindən maraqla qarşılanıb, internatın tərbiyəçi və müəllimləri ilə bu oyunların əhəmiyyəti müzakirə edilib.
Hazırda layihə rəhbərləri məktəbəhazırlıq qruplarında istifadə üçün yararlı olan “Didaktik oyunlar kataloqu”nun üzərində təkmilləşmə işləri aparırlar.
“Oynayaraq öyrənək” layihəsi Bakı şəhərinin parklarında və qapalı təhsil müəssisələrində davam edəcək.