CƏMİYYƏT
“İnternat məzunları arasında sağlam həyatın təşviq edilməsi” layihəsi başa çatıb
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin həyata keçirdiyi “İnternat məzunları arasında sağlam həyatın təşviq edilməsi” layihəsi uğurla başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi internat məktəblərinin məzunu olan gənclərin sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunmağın yolları mövzusunda maarifləndirici tədbirlər həyata keçirmək, internat və uşaq evi məzunlarının sosial inteqrasiyası fəaliyyətinə töhfə verməkdən ibarət olub.
Layihə çərçivəsində internat məktəbinin məzun olmuş 30-a yaxın gəncin iştirakı ilə Lənkəran şəhərində düşərgə təşkil olunub. Düşərgədə gənclərə sağlamlıq və aktiv həyat, zərərli vərdişlər, yoluxucu xəstəliklər və onlardan qorunmağın yolları və cəmiyyətə sağlam inteqrasiya mövzularında təlim və seminarlar keçirilib.
Lənkəran şəhər Tarix-Diyarşünaslıq Muzeyi və iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev muzeyinə turlar təşkil olunub, Xanbulan gölünə səfər təşkil olunaraq gənclərə Lənkəranın tarixi və təbiəti haqqında məlumat verilib.
İlk dəfə olaraq inklüziv həyata keçirilən layihədə 2 və 3 nömrəli Xüsusi İnternat Məktəbinin eşitmə əlilliyi olan məzunları da iştirak ediblər.